Çörəyin qiyməti ucuzlaşacaq?-AÇIQLAMA
Bölmə: İqtisadiyyat › ,Tarix: 13:42 19.08.2024
Azərbaycanda unun topdan satış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar.
Ötən ayla müqayisədə unun topdan satış qiymətində 0.7-1.3 manat azalma müşahidə olunur. Açıqlanan rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdan satış qiyməti 26.1-27.8 manat aralığında dəyişir. Ötən ay bu, rəqəm 26.8-28.5 manat, iyun ayında isə 28.3-29.5 manat təşkil edib. Bu proses çörəyin qiymətinin azalmasına səbəb ola bilərmi ?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, unun qiymətinin düşməsi taxılın qiyməti ilə bağlıdır:
"Dünyada taxılın qiymətində müəyyən ucuzlaşma baş verdi, və bununla bağlı Rusiya taxıl satışına və ixracına qoyduğu qadağanı aradan götürdü. İxrac rüsumlarınıda aşağı saldı. İxrac rüsumlarını xeyli ucuzlaşdırdı. Ona görə də taxılın qiymətinin aşağı düşməsi nəticə etibarı ilə unun qiymətinin azalmasınada səbəb oldu. Bu prosesdə tendensiyanı az da olsa görürük. Önəmli məsələ ondan ibarətdir ki, bu, tendensiya davamlı olmalıdır ki, un məmulatlarının qiyməti o, cümlədən unun qiyməti də ucuzlaşsın. Davamlılıq lazımdır. Payızda əgər bol taxıl olacaqsa, taxılın qiyməti yenidən ucuzlaşacaqsa, unun qiymətlərinə və nəticə etibarı ilə çörəyin qiymətlərinə müsbət təsir göstərə bilər. Ucuzlaşma müşahidə oluna bilər. Ona görə də, hər şey payızdakı dünya bazarının taxıl qiymətlərindən asılı olacaq".
Nigar Səmədli