Yaşıl sahələr həyatımızda nə dərəcə önəmə malikdir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 17:24 04.09.2024
"Yaşıl sahələr sakinlərə fiziki sağlamlığı qorumaq üçün çox vacib olan gəzinti, qaçış və ya idman oynamaq kimi məşq yerləri təmin edir. Təbiətdə olma stress, narahatlıq və depressiyanı azaldır, istirahət və zehni rifahı təmin edərək, şəhər həyatının narahatçılıqlarını aradan götürür.
Parklar və icma bağları insanların toplaşa, qarşılıqlı əlaqə qura və sosial əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verir".
Bu sözləri "informator.az"a açıqlamasında Ekoloq Rövşən Abbasov söyləyib.
Ekoloq şəhərlərdə yaşıl sahələrin və ictimai məkanların əhəmiyyətindən də bəhs edib:
"İlk növbədə, şəhər insanların istirahət yeridir və bu onların gündəlik həyatlarını daha səmərəli keçirərək istirahət etməsinə kömək edir. Yaşıl ərazilər iri şəhərlərdə biomüxtəliflik üçün çox vacibdir. Avropa ölkələrində olan yaşıl sahələrdə biomüxtəliflik nümunələri (quşlar, heyvanlar) yaşıyır. Bu onların insanlarla vəhdət təşkil edən sxemin tərkib hissəsi olmasına şərait yaradır. Məsələn; Azərbaycanda Nəbatat bağı, Mərdəkan Dendraloji Park və s. çox böyük dəyərlərə malik olan təbiət nümunələridir. Burada çox sayda ağac dünyanın hər bir yerindən gətirilərək əkilib. Onlar həm estetik, həm də kreativ dəyərə malikdir".
Rövşən Abbasovun sözlərinə görə, şəhərlərdə yaşıl ərazilər şəhər havasının keyfiyyətini yaxşılaşdırılmasında və iqlimin yumşaldılmasında əhəmiyyətli rola malikdir:
"Belə ərazilərdə hava daha təmiz olur və kölgəliklər yayda insanları daha sərin ərazilərlə təmin edilməsində müstəsna rol oynayır. Bu da çox mühümdür. Bu səbəbdəndə yaşıl ərazilər ətrafında olan yəni, parklara, bağlara yaxın olan evlərin qiymətləri digər ərazilərə yaxın olan evlərin qiymətindən daha baha olur".
Fatimə Abdulrəhimli