Labubu Oyuncaqları: Zərərsiz trend, yoxsa psixoloji təhlükə?

Tarix: 19:45 30.06.2025
Çinin “Pop Mart” şirkətinin “Labubu” oyuncaqları son aylarda xüsusilə “TikTok”da məşhurlaşaraq Azərbaycanda da geniş yayılmağa başlayıb. Geniş dişli, qəribə təbəssümlü bu fiqurlar bloqerlərin aksesuarına çevrilib.
Mövzu ilə bağlı psixoloq Günel Əkbər "İnformator.az"a açıqlamasında bildirib ki, son dövrlər sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında “Labubu” adlı qeyri-adi, bəzən qorxunc görkəmli oyuncaqlar trend halını alıb:
"Bu cür oyuncaqlar bir çox uşaq və yeniyetmənin sevimlisinə çevrilsə də, psixoloji və emosional inkişaf baxımından bəzi mühüm sualları da gündəmə gətirir: “Bu trend zərərsiz əyləncədir, yoxsa uşaqların psixikasına gizli təhlükə daşıyır?”
Labubu kimi qeyri-ənənəvi və qəribə görkəmli oyuncaqlar uşaqlarda müxtəlif psixoloji təsirlər yarada bilər.
İlk olaraq qorxu və narahatlıq hissini (anksiyeteni) buna aid etmək olar.
Uşaqlar reallıqla fantaziyanı ayırd etməkdə çətinlik çəkirlər. Qorxunc və anlaşılmaz mimikalar uşağın psixikasında təhlükə siqnalı kimi yozula bilər. Bu isə yuxu pozuntuları, kabuslar və daim narahatlıq hissi kimi emosional simptomlara səbəb ola bilər.
Daha sonra emosional ziddiyyət də bu psixoloji təsirlər sırasına daxildir.
Oyuncaq həm “gülməli”, həm də “qorxunc” göründükdə, uşaqda duyğuların ayırd edilməsində çaşqınlıq yarana bilər. Bu isə emosional zəkanın inkişafında əngəl yarada bilər. Onun fəsadlarına isə daha çox yeniyetməlik dövründə şahid oluruq.
Normallaşan qəribəlik və aqressiya da bu təsirlər arasındadır.
Trend vasitəsilə bu cür davranışlar “əyləncəli” kimi təqdim olunduğuna görə, uşaq qeyri-adi, hətta aqressiv davranışları normallaşdıra və modelləşdirə bilər".
Eyni zamanda, psixoloq qeyd edib ki, uşaqların bu cür trendlərə aludə olması onların emosional inkişafına təsir edir:
"Labubu ilə emosional münasibət quran uşaq zamanla insanlarla qurulan münasibətlərdə passiv, çəkingən və ya həddən artıq gözlənti içində ola bilər.
Sosial şəbəkələrdə trend halına gələn bu cür oyuncaqlar uşaq beynində reklamla emosional ehtiyacın birləşməsinə səbəb olur. Bu isə gələcəkdə alış-verişə, brendlərə psixoloji asılılıq yaratmaq riski daşıyır. Valideynlər oyuncaq seçərkən bilməlidirlər: oyuncaqlar sadəcə əyləncə vasitəsi deyil, həm də daxili dünyaya təsir edən psixoloji alətlərdir. Valideyn baxmalıdır ki, oyuncağın dizaynı uşaqda hansı hissləri oyadır: qorxu, çaşqınlıq, yoxsa rahatlıq? Bu sualı hər valideyn öz övladı üçün cavablamalıdır.
Uşaq 2 yaşındadırsa, yüksək fantaziya və qorxu həssaslığı dövründədir. Belə uşaqlara qorxunc və mürəkkəb simalı oyuncaqlar təklif etmək emosional təlatümlərə yol aça bilər.
Qışqıran, aqressiv və mimikası anlaşılmaz olan fiqurlar uşaq üçün sağlam rol modeli hesab edilmir.
Oyuncağı uşağın özü ilə birlikdə seçmək ona həm seçim azadlığı verir, həm də onun hansı oyun stilinə üstünlük verdiyini öyrənməyə kömək edir. Labubu kimi trendlər keçici olsa da, uşağın psixoloji inkişafına vurduğu təsir uzunmüddətli ola bilər.
Oyuncaqlar sadəcə plastik fiqurlar deyil – onlar uşağın emosional bağlandığı, davranış öyrəndiyi, qorxduğu və ya sevindiyi daxili dünyanın simvollarıdır".
Nigar Həsənzadə