"Boy Uzadan Aparatlar": Təhlükələr nələrdir?

Tarix: 19:53 30.06.2025
Son vaxtlar sosial şəbəkələrdə “100 manat qarşılığında 9 sm-ə qədər boyun uzadılması, aparat vasitəsilə, ağrısız və əməliyyatsız” kimi elanlar yayılıb və xüsusilə gənclər arasında maraq doğurur. Halbuki dünyada boy uzatma əməliyyatları həm bahalı, həm də riskli tibbi prosedur kimi qiymətləndirilir və uzunmüddətli reabilitasiya tələb edir. Yerli elanlarda isə vurğulanır ki, İsraildən gətirilən xüsusi bir aparatla bu proses Azərbaycanda qısa müddətdə, az vəsaitlə və yüksək nəticə ilə həyata keçirilə bilər. Elan sahibləri bu cihazla 30 yaşa qədər insanlarda nəticə alındığını, bəzi hallarda isə 30 yaşdan yuxarı şəxslərdə də təsir göstərdiyini qeyd edirlər.
Mövzu ilə bağlı pediatr Aidə Əliyeva "İnformator.az"a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan “9 sm boy uzadılır, ağrısız və əməliyyatsız aparatlar” haqqında xəbərlər təbii ki, doğru deyil:
"Lakin ümumilikdə boy uzadılması üçün heç bir aparat istifadə olunmur demək də düzgün deyil. Çünki cərrahi yolla həyata keçirilən boy uzatma prosedurlarında istifadə olunan tibbi aparatlar mövcuddur. Buna nümunə olaraq İlizarov aparatı göstərilə bilər. Bu aparat tibbi elmə əsaslanan və tibb sahəsində qəbul olunan üsullardandır. Hal-hazırda onun üzərində qurulan daha müasir formaları da mövcuddur. İlizarov aparatının əsas prinsipi belədir: cərrahi yolla yuxarı və ya aşağı ətraflarda kəsiklər aparılır, sümüklər aralanır və uşağın ayaqları və ya əlləri aparata sabitlənir. Aralıq sahədə bədən yeni sümük toxuması əmələ gətirir və nəticədə ətrafların uzunluğu artır.
Uşaq bu aparatı 6 aydan 12 aya qədər istifadə edə bilər. Bu metod sağlam uşaqlar üçün deyil, yalnız ortopedik problemi və ya patologiyası olan uşaqlarda tətbiq olunur. Xüsusilə anadangəlmə qüsurlu uşaqlarda, əgər ayaqlarda assimetriya varsa və ya xəstəlik nəticəsində sümüklərdə dəyişiklik yaranıbsa, bu zaman bu üsul tətbiq edilir. Sağlam uşaqlara bu metodu qəti şəkildə tövsiyə etmirəm, çünki fəsadlar ortaya çıxa bilər.
Bu halda yalnız sümüklərdə deyil, həm də əzələ toxumasında və dəridə kəsiklər meydana gəlir. Bu toxumaların necə bərpa ediləcəyi əvvəlcədən aydın olmur. Prosedur ağrılı olduğu üçün uşaqlarda sonradan psixoloji travmalar yarana bilər. Bir sözlə, bu tip aparatlar yalnız xəstə və tibbi göstərişi olan uşaqlar üçün nəzərdə tutulur. Valideynlərə tövsiyə edirəm ki, reklamların təsirinə düşməsinlər və uşaqlarını bu üsulla riskə atmasınlar".
Həmçinin müsahibimiz bildirib ki, tibbdə bu tip boy uzadan aparatlar artıq uzun illərdir mövcuddur:
"Təbii ki, bu aparatların uşaqlarda istifadəsi yalnız çox nadir və məcburi hallarda tətbiq olunmalıdır. Məsələn, uşaq hər hansı bir qəza keçiribsə və ya anadangəlmə olaraq bir ayağı digərindən qısadırsa, yaxud sümükləri düzgün bitişməyibsə, bu zaman belə cihazlardan istifadə edilə bilər. Ancaq tam sağlam bir uşağa bu cür aparatlar tətbiq etmək düzgün deyil, çünki ciddi fəsadlar yarada bilər.
Birincisi, bu, uşaqlar üçün psixoloji travmadır. Prosedurlar ağrılıdır — hərçənd ki, əməliyyat narkoz altında aparılır, sonrakı dövr, yəni aparatı daşımaq mərhələsi çox çətin keçir. Uşaqlar bu aparatları azı 6 ay daşıyırlar və bu müddət ərzində kəskin ağrılar ola bilər. Bundan əlavə, əzələlərin düzgün inkişaf etməməsi, oynaqlarda problemlər, kontrakturalar (hərəkətsizlik səbəbilə əzələ və oynaqlarda sərtlik), hətta infeksiyalar belə müşahidə oluna bilər.
Yəni heç bir tibbi göstəriş və zərurət olmadan bu aparatlardan istifadə düzgün deyil.
Bəzən genetik xüsusiyyətlərə görə boy qısa olur, valideynlər uşaqlarının boyunun qısa olmasından narahat olurlar. Bu isə uşaqlarda komplekslərə səbəb ola bilər. Əgər bu narahatlıq uşaqda ciddi özgüvən probleminə səbəb olursa, ilk növbədə psixoloqa müraciət edilməlidir. Uşağın hər hansı patoloji vəziyyəti istisna edildikdən sonra psixoloqun dəstəyi ilə onun özgüvəni bərpa olunmalıdır. Uşaqlarda boy əsasən genetik faktordur. Əgər valideynlər ucaboydursa, böyük ehtimalla uşaq da hündürboy olacaq. Əks halda, yəni valideynlər alçaqboydursa, uşağın da boyunun hündür olmasını gözləmək düzgün deyil. Çünki burada genetika həlledici rol oynayır.
Ümumilikdə, uşağın boyu təkcə genetikadan deyil, bir çox digər amillərdən də asılıdır. Ən vacib faktorlardan biri düzgün qidalanmadır. Uşaqlar kifayət qədər karbohidrat, yağ, protein, eləcə də vitamin və mineral qəbul etməlidirlər. İlk növbədə, uşağın qidalanmasına diqqət yetirilməli, eyni zamanda mütəmadi analizlər verilməlidir ki, hansısa maddə çatışmazlığı (defisit) varsa, o, vaxtında aradan qaldırılsın.
İkinci mühüm faktor isə fiziki aktivlikdir. Uşaqlar hərəkətli olmalı, onlar üçün uyğun bir idman növü seçilməlidir. Həmçinin uşaq kifayət qədər yuxu almalıdır. Əgər uşaq daim yüklənirsə, dərs yükü ağırdırsa və ya gecələr yatmaq əvəzinə kompüter oyunları oynayırsa, bu onun boy artımına mənfi təsir edəcək. Çünki gecə saat 22:00-dan sonra boy hormonları ifraz olunmağa başlayır və bu hormonlar uşağın boyunun uzanmasında mühüm rol oynayır.
Bundan əlavə, əgər uşaq tez-tez xəstələnirsə və ya hər hansı bir xroniki xəstəliyi varsa, bu da boy inkişafını ləngidə bilər.
Yekun olaraq, sadalanan bütün bu amillər normaldırsa, uşağın boyu genetik potensialına uyğun şəkildə inkişaf edəcək".
Nigar Həsənzadə