"Efirdə radikal tədbirlər görülməlidir"

Bölmə: MEDİA › ,
Tarix: 15:46 13.07.2015

Nəsir Əhmədli: “Əsassız tərif inkişafa mane olur” 

İnform.az saytının “Ötən günə gün çatmaz” layihəsinin növbəti qonağı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədlidir. 

-Nasir Əhmədli yeni planlarını, sirr deyilsə, oxucularımızla bölüşə bilərmi? 

-Planlar iki cür olur: strateji və taktiki. Strateji plan fəaliyyətin başlanğıcında qurulur və uzun müddət üçün nəzər də tutulur. Taktiki planlar ayrı-ayrı mərhələlərdə strateji planın gerçəkləşməsinə xidmət edir. Mən strateji planımı əlli-əlli beş il əvvəl müəyyənləşdirmişəm: jurnalist olmaq, müəyyən təcrübə topladıqdan sonra bu sahədə elmi-pedaqoji işlə məşğul olaraq peşəkar jurnalistlərin yetişdirilməsində iştirak etmək, həllini gözləyən bəzi nəzəri problemləri çözmək. Hər iki sahədə əlimdən gələni etmişəm. 
İndi ömrümün bu ahıl çağında gördüyüm işlərə yekun vurmaqla, təcrübəmi gənclərə öyrətməklə məşğulam. 

-Bir peşəkar kimi, Azərbaycan efirlərinin mədəniyyət səviyyəsi sizi qane edirmi? 

-İndi Azərbaycanda çoxlu televiziya və radio kanalı var və orada çalışanların az bir hissəsi peşəkardır. Buna görə də efir mədəniyyəti istənilən səviyyədə deyil.Təsadüfən jurnalistikaya gəlmiş şəxslər söz azadlığından sui-istifadə edərək efiri bayağı sözlərlə və görüntülərlə doldururlar. Ölkədəki şirkətlərin heç birinin rəhbəri ixtisasca jurnalist deyil. Başqalarına nisbətən jurnalist etikasına AzTV-də və İTV-də daha yaxşı əməl olunur. Efir mədəniyyəti ilə bağlı radikal tədbirlər görülməlidir. 

-Bu günün gənc jurnalistlərinin savadı təcrübəsi sizi qane edirmi? 

-Jurnalistika fakültəsini bitirmiş gənc jurnalistlərin əksəriyyəti məni qane edir, lakin ətraflarındakı qeyri-peşəkarlar onların inkişafına mane olurlar. 

-Peşəkar qələm sahibi olmaq üçün jurnalist hansı sirrləri öyrənməlidir? 

-Bunun üçün ikicə şey tələb olunur: düzgün düşünmə qabiliyyəti və düşündüklərini sözə çevirmək bacarığı. Bunların hər ikisini peşə təhsili və mütəmadi məşqlər yolu ilə əldə etmək mümkündür. 

-Cavanlar deyir zaman o zaman deyil. Bəs Nəsir Əhmədli necə bu günün nəbzini tuta bilirmi? 

-Zaman həmişə eynidir. Dəyişən texnologiyalar və insanların bir-birilərinə münasibətləridir. Bunları isə yüksək peşəkarlıq sayəsində nizamlamaq mümkündür. Peşəkarlıq- düzgün nəzəriyyə ilə sınanmış təcrübəni birləşdirib arzu olunan nəticəni almaq bacarığıdır. 

-Özünüzü öz gözünüzdə neçə tərif edə bilərsiniz? 

-Nə özümü, nə də başqalarını tərifləməkdən xoşum gəlmir. Əsassız tərif inkişafa mane olur. 

-Bu gün ziyalı yetişirmi? 

-İstedad doğulur, təcrübə onu püxtələşdirir. İstedad olmayanda təcrübə axsayır, təcrübə olmayanda da istedad məhv olub gedir. 
Ziyalı dünən də olub, bu gündə var, sabah da olacaq. Ziyalının öz ziyasını nümayiş etdirə bilməsi üçün müvafiq şərait olmalıdır. 
Gənclərə məqsədsizliyi və tənbəlliyi irad tuturam. 
Mən heç vaxt hirslənmirəm, vəziyyətdən çıxış yolu axtarmağı xoşlayıram. 

İNFORM.AZ