Prezident İlham Əliyev KİV nümayəndəsini fərdi təqaüdlə təltif etdi

Bölmə: MEDİA › ,
Tarix: 11:13 21.07.2015

Teymur  Əhmədov 20 ilə yaxındır ki, "Respublika" qəzetinin baş redaktoru vəzifəsində çalışır. Qəzetin müstəqil Azərbaycan dövlətinin ən nüfuzlu, oxunan qəzetlərindən biri kimi tanınması ilk növbədə, Teymur Əhmədovun adı ilə bağlıdır. Teymur müəllimin milli mətbuatımızın tarixi ənənələrinin yaşadılmasında əvəzsiz xidmətləri var. XX əsrin əvvəllərində ictimai-siyasi, ideoloji, ədəbi-estetik fikir tariximizdə bütöv bir mərhələ təşkil edən "Füyuzat" jurnalının 100 illik fasilədən sonra məhz Teymur Əhmədovun redaktorluğu ilə yenidən nəşrə başlaması mühüm hadisə kimi dəyərlidir. O həm də "İşıq"qadın jurnalının təsisçisidir. 

Teymur müəllim yaxşı təşkilatçı, tanınmış redaktor və peşəkar yazardır. Vaxtilə "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Yeni fikir", "Hikmət" kimi qəzetlərin baş redaktoru, "Elturan" jurnalının məsul redaktoru olub.

Teymur Əhmədovun çoxillik səmərəli fəaliyyəti, milli mətbuatımızın inkişafındakı əvəzsiz xidmətləri dövlətimiz və bir sıra beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına, Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına, iki dəfə Ukrayna Azərbaycanlıları Konqresinin diplomuna, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının 1-ci dərəcəli diplomuna, "Ustad" ali jurnalistika mükafatına, "Azerbaydjan i zakonnost" beynəlxalq ictimai-siyasi və hüquqi qəzetinin "2010-cu ilin adamı" diplomuna layiq görülüb.

Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncamında Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Teymur Əkbər oğlu Əhmədova Prezidentin fərdi təqaüdü ilə təltif olunub