Tullantıların idarə olunması- Diqqət edilməli məqamlar nələrdir?
Bölmə: Sosial › ,Tarix: 19:25 15.11.2024
Ekoloji təmizliyə zərər verən əsas amillərdən biri də ölkəmizdə olan tullantıların çoxluğudur.
Bəs ölkəmizdə tullantıların idarə olunması üzrə hansı tədbirlər görülür?
Mövzu ilə əlaqədar ekoloq Qorxmaz İbrahimli “informator.az”a açıqlamasında tullantıların idarə olunması ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Azərbaycanda tullantıların təkrar emalı məsələsi son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib:
"Vaxtilə Bakının Balaxanı qəsəbəsində sadəcə zibillik olan ərazi indi müasir təkrar emal zavoduna çevrilib. Lakin bu proses yalnız zavod tikintisi ilə yekunlaşmır. Çünki tullantıların düzgün çeşidlənməsi də çox vacibdir".
Ekoloq tullantıların idarə edilməsi ilə bağlı uğur əldə etmək üçün həm hökumətin, həm də vətəndaşların birgə səyinin vacib olduğunu deyib:
“Vətəndaşların tullantıların düzgün idarə olunması mədəniyyətinə yiyələnməsi vacibdir. Bu məqsədlə uşaqlara kiçik yaşlardan, hətta baxça dövründən ətraf mühitə qayğı göstərmək öyrədilməlidir. Bunun üçün ibtidai təhsil haqqında xüsusi qanun qəbul edilməlidir".
Qorxmaz İbrahimli, həmçinin tullantıların təkrar emalının metallurgiya, kimya sənayesi və digər sahələrdə istifadə oluna biləcəyini söyləyib:
"Son illərdə bu sahədə müəyyən addımlar atılıb. Lakin cəmiyyətdə hələ də tullantıların düzgün atılmaması və ictimai yerlərdə çirklənmə hallarının çoxluğu xoş təəssürat bağışlamır.
Küçədə zibili yerə atanların və ya tüpürənlərin sayı hələ də kifayət qədər çoxdur. Bu problemi həll etmək üçün yalnız texnoloji deyil, həm də mədəniyyət yönümlü yanaşma vacibdir",-deyə o, fikirlərini yekunlaşdırıb.
Asiya Zeynallı