140 il əvvəl yola çıxan "Əkinçi"

Bölmə: MEDİA › ,
Tarix: 08:15 22.07.2015

22 iyul Azərbaycanda Millli Mətbuat Günüdür. 140 il əvvəl Həsən bəy Zərdabi çox çətinliklərlə "Əkinçi" qəzetinin ilk sayını buraxmaga müvəffəq oldu.

Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç "klassik" qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.

Hazırda ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib. 

Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır. 

Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub. 

Prezident İlham Əliyev 20 iyul 2015-ci ildə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir çox media nümayəndələri təltif edilib. Bu jurnalistlərə dövlətimizin qayğısıdır. Biz də İnformator.Az saytı olaraq bütün media nümayəndələrini bu bayram münasibətilə təbrik edirik!