İlqar Rəsul -100 -Video
Bölmə: MEDİA › ,Tarix: 10:57 22.07.2015
8 il əvvəl İlqar Rəsulun Azadlıq radiosundakı müəllifi və aparıcısı olduğu “Tanınmışlar” verilişinin 100-cü buraxılışı elə məhz onun özünə həsr olunur. 100 rəqəmi simvolik olduğundan həmkarları təklif edir ki, ölkənin tanınmış ziyalılarını, ictimai-siyasi xadimlərini sorğu-suala tutan, bəzən kəskin, bəzən də mülaim sualları ilə müsahiblərinin iç dünyasını açan İlqarın nələr düşündüyünü, kim olduğnu dinləyicinin bilməyə haqqı var. Ona görə də İnformator.az saytı Şahnaz Bəylərqızının İlqar Rəsuldan aldığı müsahibəni təqdim edir.
“Mənim özümün hələ özümlə yaxşıca oturub söhbət etməyim var”
Şahnaz: Hər vaxtınız xeyir! Azadlıq radiosunda “Tanınmışlar” proqramıdır. Mikrafonda isə onun ənənəvi aparıcısı İlqar Rəsul yox, mən Şahnaz Bəylərqızdır. Amma məyus olmayın İlqar da studiyamızdadır, amma aparıcı kimi yox, qonaq qismində. Bu dəfə “Tanınmışlar” rubrikasının 100-cü sayı efirə gedir və biz də düşündük ki, İlqarın özünü tanıdaq. İlqar başlayaq?
-İlqar: Mən hazır, bir az həyəcanlıyam. Mənim üçün bu fərqli hadisədir, çünki mikrafonun o biri başında olmuşam.
Şahnaz: Dinləyicilərimizə maraqlı olacaq ki, “Tanınmışların” 100-cü qonağı İlqar Rəsuldur. İlqar necə adamdır? İlqar kimdir?
-İlqar: Bir dinləyici ozü də soruşmuşdu ki, bir kişi, yəqin indi ozü də dinləyir: “A bala bir özün də danış görək sən kimsən?”. Adımı İlqar qoyublar ki, çağıranda hay verim. Soyadım Rəsuldur yəni, başqa İlqarlardan fərqlənmək üçün, əgər başqa, hardasada İlqar Rəsul varsa onda İlqar Ramiz oğlu olmağım kömək edir, yəni insanları fərqləndirmək üçün, dəqiqləşdirmək üçün. Amma ki, adi bir adam, kim ki, kənardan deyə bilər ki, məsələn mahiyyətində, materialında nə dayanır? Materialımda konkret torpağımın dayandığını bilirəm. Bəzən mən deyirəm ki, adamlar yeriyən torpaqdılar. Amma sözsüz ki, biz Azərbaycanın nəzarətində olmayan, torpaqlarından olan adamlar, yəni mən Ağdamliyam. Biz həm də materialını itirmiş adamlar sayılırıq. Sözsüz ki, yarımçıqlılıq var, amma o yarımçıqlığın məni cox məşğul etməsinə də imkan vermək istəmirəm. Öz fəaliyyətimi heç olmasa normal qurmaq üçün müəyyən qədər öz dərdimizi içimizdə boğa bilməsək də, yaxasını əlimizdə saxlamalıyıq. Bilirsən, Şahnaz, təssəvvür elə hər şey var idi, indi isə heç nə yoxdur və birdən-birə heç nə yoxdur. Bizim böyük bir evimiz var idi, indi televizorlarda hündür mərtəbəli evlər, xüsusilə də aynəbəndli evlər göstərəndə mənim o filmin mahiyyəti yadımdan çıxır, adamlar nə danışır yadımdan çıxır , məhz həmin o evin pəncərələrindən görünən yaşıllığa baxıram. Çünki bizim də evin pəncərəsindən yaşıllıq görsənirdi, evimiz hündür idi. Təssəvvür elə ki, bunların heç biri yoxdur. Elə bil ki, sən uşaqlığa ancaq xəyalında qayıda bilirsən, gedib o daşlara, divarlara əlini vura bilmirsən.
Şahnaz: Yuxuna gəlirmi Ağdam, heç?
-İlqar: Hə, mən çox yuxuda görürəm. Evimizdə oluram, indi texnologiya da imkan verir ki, biz öz rayonumuza , öz küçəmizə, hətta evimizin vəziyyətinə belə baxa bilək, kompüterdə baxıram, dağıdılıb ora. “Evə gedirəm”, öz-özümə ev qaydasında deyirəm, və nə yaxşı bura toxunmayıblar? Hər şey yerindədir, sonra ayılıram ki, yox imiş.
“Mənim ölməyə də ixtiyarım yoxdu indiki vaxtda”
Şahnaz: İlqar uşaqlığının keçdiyi yerlərdən danışdınsa, biraz da uşaqlığından , ailəndən danış.
-İlqar: Uşaq vaxtı mən elə bilirdim ki, mənim atam bizim məhəllənin ən böyük adamı olub, çünki həqiqətən də o məhəllədə ən böyük vəzifəli adam o olmuşdur. Bir dəfə atam Şuşada istrahət edəndə Ağdamdan, Bakıdan qonaqlar gediblərmiş. DramTeatrda “Vaqif” oynanılırmış. Səməd Vurğunun “Vaqif”i. Elə olub ki, Vaqifi oynayan xəstələnib, mənim atama Şuşadan xəbər ediblər, o gəlib, vəzifədə olan adam gəlib “Vaqif” rolunu oynayıb. Atam vəzifə sahibi olub Ağdamda. Xalq Nəzarət Komitəsinin sədri. 38 yaşında artıq rayonların birinə 1-ci katib göndərilən vaxt vəfat edib, mənim 3 yaşım olanda, ötən əsrin 70-ci ilində. Təssəvvur edək ki, vəfat etməsəydi, 50 yaşına qədər yaşasaydı hadisələr necə inkişaf edə bilərdi? Amma bu həyatdı, mən heç də təəssüf etmirəm ki, niyə belə olub? Mənim anam, məsələn, mənim üçün dünyada hər şey anamdan sonra başlayır.
Şahnaz: Dedin ki, anamdan sonra başlayır hər şey, eləmi? Bunu ailəyə də aid etmək olarmı? Xanımına?
-İlqar: Əslində siyahılar da müxtəlifdir. Hansı siyahının məsələsi var -birində o birinci yer ola bilər, birində bu. Amma, ümumiyyətlə, mənə elə gəlir ki, bunu dəyərləndirmək ona görə lazımdır ki, mənim anamın oğlu mən olduğum kimi mənim xanımımın da oğlu var və bəzən o, deyir ki, heç istəməzdim ki, sən öz ananı istəyən qədər oğlum məni istəsin.
“Mən daha böyük işlər görə bilmədim”
Şahnaz: Deməli sizin aranızda belə söhbətlər gedir hə?
-İlqar: Mütəq gedir.
Şahnaz: Mən bilirəm ki, sən arada yazılar yazırsan və atırsan arxivinə.
-İlqar: Onun da bir problemi var ki, adamlar adətən çap etdirib yavaş-yavaş adiləşdirir bu prossesi, həvəsdən düşürlər. Məndə məsələ elə gətirib ki, mən heç çap etdirməmiş çap etmək həvəsindən düşmüşəm və arxivimdə çoxlu hekayələr var. Maraqlıdır ki, o arxivin özündə də bir parol var hamı girib baxa bilmir və fikirləşirəm ki, mənə bir şey olsa onların hamısı batacaq. Bu mənim üçün daha maraqlıdır, nəinki onların hamısını çap etdirmək.
“Əsmər bəlkə də hardasa, nə vaxtsa qabağıma çıxacaq”
Şahnaz: “Apardı sellər Saranı”adlı hekayən var. İlqar Əsmər kimdir?
-İlqar: Əsmər mənim əsərimin qəhrəmanı. Əsmər mənim ən çox xoşuma gələn qız adıdır. Hətta fikirləşirdim ki, qız övladım olarsa adını Əsmər qoyaram.
Şahnaz: Bəlkə sevdiyin qadındır? Hələ tapa bilmədiyin qadındır?
-İlqar: Məncə yox. Bəlkə də elə mən onu sevirdim, ona görə də adı ona qoymuşdum. Bütün, deməli, mənim hekayələrimdə əksər xanımların adı Əsmərdir. Hə amma Əsmər, bilmirəm, bəlkə də hardasa nə vaxtsa qabağıma çıxacaq.
Şahnaz: Sənin arzuladığın qadın obrazıdır?
-İlqar: Ümumiyyətlə deyim ki, mənim arzuladığım qadın obrazı yoxdur. Mənimçün var qadın, məsələn, hətta o ola bilər ki, düzgün həyat tərzi keçirməsin, kimlərinsə göstəricilərinə, ölçülərinə uyğun olmayan həyat tərzi, bunlar mənimçün o qədər də vacib deyil. Qadındırsa bu bəs edir ki, mən ona hörmət edim, hələ biraz da sevim, mənə dəxli oldu, olmadı. Amma belə götürəndə Əsmər doğurdan da Azərbaycan qızıdır, Azərbaycan qadınıdır və əksər hallarda mən ondan üzr istəyirəm ki, mən ona heç vaxt yaxşı həyat verə bilməmişəm və çox vaxt onu hekayələrdə çətin vəziyyətə salmışam, amma elə yəqin ki, onu agrıtmışam ki, yaşasın. Hərə öz qəhrəmanını, öz obrazını özünün dərdinə yaxınlaşdırır. Mənimçün, məsələn, Əsmərin biri Antarktidadadır, biri Qarabağda ermənilərin nəzarət etdiyi ərazıdə, üzüm sahələrində yıxılıb qalıb, bir başqası hardasa müharibədə itirdiyi sevgilisinə ağlayır. Belə şeylərdir. Amma bütün hallarda yəqin ki, mən yaratmışamsa, onun materialı mənim materialıma yaxındır.
Şahnaz: İlqar demişdiniz ürəyimdə bir balaca küçə var. Nə qədər idi onun eni, uzunluğu. Şeirlərindən birində deyirdin onu.
-İlqar: Almaz xanımın adına bir küçə salmışam içimdə. Hərdən o küçə ilə o tərəf, bu tərəfə gedirəm. Maraqlıdır ki, həmin o küçə əslində mənim doğulub-böyüdüyüm məhəlləyə oxşayır, bizim küçəyə oxşayır və o küçəni heç vaxt heç kim uçurda bilmir. Oranı heç kim deyək ki, işğal edə bilməyibdir. O küçəyə mənimlə girmək olar da. Bax indi sən getmisən təxminən o küçədəsən........
“Allah heç kimi mənə möhtac etməsin”
Şahnaz:Sevgi etiraflarına keçə bilərik?
-İlqar: Əlbəttə.
Şahnaz:Onda başlayaq.
-İlqar: Normal, adi adamlar kimi mənim də belə əhvalatlarım olub, macəralarım olub. Deyirlər ey kasadlıq olmayıb bu məsələdə. Bilmirəm nəyə görə idi, yaxşı şəkil çəkirdim ona görə. Mən yaxşı rəsm çəkirdim, məktəbdə ona görə diqqəti cəlb edirdim.
Şahnaz: Bəlkə eynəyin diqqəti cəlb edirdi?
-İlqar: Uşaq vaxtı eynək taxmırdım, institutda oxuyanda artıq gözlərim daha çox zəiflədi. Sözsüz ki, bunlar yəqin ki, uşaq məhəbbəti idi, amma mənim həyatımın bir hissəsi və yaşadığım hissəsi olub. Əslində məhəbbət səni evləndirməyə məcbur edən məhəbbətdir. Dərəcəyə o gətirib çıxarır.
Şahnaz: Bəs deyirlər kişilər birini sevib başqasıyla evlənir? Elə bir fikir də var.
-İlqar: Yox, bilmirəm. Kişi haqqında mənim təssvvürlərim o qədər də xarakterik deyil, hamıya uyğun olaraq. Kişi hər yerdə kişi olmalıdır. Yeri gələndə, əgər kişiyə aid olmayan işdirsə ona cəsarəti çatmalıdır kı, edə bilsin.
“Mən dünyanın çox balaca adamıyam”
Şahnaz: Azadlıq radiosuna neçə ildir gəlmisən?
-İlqar: 2004 –dən gəlmişəm
Şahnaz: Necə oldu ki, gələn kimi parlamenti də həvalə etdilər sənə, Prezident Aparatını da, yəni ölkənin siyasi tanınmışları ilə söhbəti həvalə etdilər İlqar Rəsula? Daha sonra dedilər ki, ölkədə nə tanınmış var İlqar Rəsulun öhdəsindədir. “Tanınmışlar” rubrikası meydana gəldi. Necə oldu?
-İlqar: “Tanınmışlar”ı mən təklif etmişdim, əslində, Azadlıq radiosunun rəhbərinə. Efirdə də biraz siyasi yükdən kənar arxiv yarana bilər deyə. O da qəbul etdi. Amma indi nə qədər alınır-alınmır sözsüzki, onu başqaları deyər.
Şahnaz: Tanınmış qonaqların sənin çox olub, onlardan bir çoxu artıq vəfat edib. Səndə o adamlar hansı təəssüratı buraxdı?
-İlqar: Vasif Adıgözəlov bir söz işlətdi, müsahibə verəndə. O da psixoloji məqamdı əslində. O sözün özü yox, Qarabağdan filan söz düşmüşdü birdən o çox ciddi, həmin o anı görmək lazım idi, “icazə vermərəm ki bir qarış torpağı da kiməsə versinlər”-dedi. O, “icazə vermərəm” sözünü o qədər inamla, o qədər böyük dedi ki mən baxdım ki, həmin an doğurdanda o hər şeyin yiyəsidir. Bax o epizod mənim çox yadımda qalıb. Amma biraz tanınmışların özəlliyi ondadır ki, birdən kövrələn olur, maraqlıdır, keçmişdən danışanda , birdən kimsə o dünyada nəyi görmək istəyir, onu danışanda-bunların hamısı maraqlı olur. Amma bütün hallarda mənə prossesin özü maraqlıdır. Bir də bəzi məqamlar var. Bir adam bir şeydən çox danışır. Danışır, danışır əxlaq, ləyaqət haqqında ondan soruşandakı ləyaqət nədir baxırsankı, onun ləyaqət haqqındakı təsəvvürləri başqa cürdür.
Şahnaz: Yaxşı gəl, o sualı sənə verək, ləyaqət nədir?
-İlqar: Davranış qaydalarının göstəriciləridir. Sənin davranışının başqasına verdiyi siqnaldan ləyaqətli və ya ləyaqətsiz, əxlaqlı və yaxud əxlaqsız formaları ortaya çıxır. Məsələn, kimsə desə ki, tutaq ki, ləyaqət odur ki, mən sənə söz verdim ki, bu gün gəlib sənə müsahibə verəcəm və bunu bu ləyaqət hesab edir.Mən bunu heç də ləyaqət hesab etmirəm ki, bu ləyaqətdir. Mən heç də hesab etmirəm ki, kimsə müsahibə götürəndə kiminsə həqiqətini puça çıxarmaq lazımdır. Bir dəfə bir oğlan eşidir ki, kənddə “həqiqət” axır ki, öz yerini alacaq, “həqiqət” gələcək. Çox axtarandan sonra bir xarabalığın küncündəki zibillikdə pis vəziyyətdə bir adam görür və deyir ki, sən kimsən? Deyir “həqiqət”. Deyir, axı bütün camaat ümidini sənə dikib, bu vəziyyətdə səni ora aparmaq olmaz, mən gedim onlara nə deyim? Deyir ki, sən get onlara yalan de, “həqiqət” deyir ki, sən get onlara yalan de.
“Ola bilər ki, bir gün himn çalınanda mənim ürəyim dayansın”
Şahnaz: Yaxşı, özün üçün bu dünyada hansı həqiqətləri kəşf etdin?
-İlqar: Ümumiyyətlə, bütün iddiaların hec bir mənası yoxdur. Bütün ambisiyalar, iddialar, nəyəsə can atmaqdır, həyatı nə qədər dərk edə bildinsə o qədər rahat yaşayırsan. Bu səni ağrıdır, kifayət qədər ağrıdır. Amma ağrımağın özü yaşamaqdır.
Şahnaz: Yaxşı, bəs, İlqar jurnalistikada işlədiyin müddətdə yadında ən çox qalan nə olub?
-İlqar: Ən böyük hadisə Bakı-Tiblisi-Ceyhan neft kəmərinin açılışı idi. Məsələn, Adanada olanda biz getdik orda mən həmin tədbirdə iştirak etmişəm. Azadlıq radiosunun təmsilçisi olaraq. O hadisə mənim gördüyüm hadisələrin ən möhtəşəmi idi. Böyük bir çay idi və bunun içərisindən neft axırdı su əvəzinə və bunun açılışı idi, çox böyük layihənin açılışı idi, böyük bir hadisə idi. Yəni o boyda hadisə məndə deyək ki, 2-ci jurnalist fəaliyyətimlə bağlı idi. Amma bir insan olaraq Azərbaycanın müstəqil olmağı və ən çox da təsir edən himni idi. Hətta himn çalınanda mənim həyat yoldaşım bəzən narahat olur, çünki mən bir dəfə demişəm ki, ola bilər ki, bir gün bu himn çalınanda mənim ürəyim dayansın.
Şahnaz: İlqar 40 yaşın var
-İlqar: 41
Şahnaz: Amma demək olmaz.
-İlqar: Bəlkə də o hadisələrə münasibətin özü də adamın necə qalmasına təsir edir. Çünki mən həmişə hər şeyi müşahidə etməyi xoşlamışam və yaxşı tərəfini axtarmağa çalışmışam. Sözü demirəm, ümumiyyətlə nəsə hadisə olanda onun pis tərəfini tapmaq göz qabağında olub, amma mən onu görməmişəm. Daxilində çoxlu problemin olmasa o da, yəqin ki, təsir edə bilər. Amma belə bilmirəm. Hər halda belədi də bu.
Şahnaz: Hər halda cavan qalmağın sirrlərini açıqlayırdın. İlqar Rəsulun formulasını.
-İlqar: Cəhd edirəm . Mənim xanımımın ən çox xoşuna gələn bayatıdır. Bəlkə də indi eşidirsə elə ona deyirəm. Nə vaxtsa mən özüm yazmışdım.
Ömür keçir, gün keçir
Gör nə qədər arzu var
Fələk bir üzdən biçir
Bitir yenə arzular
Amma mənim böyük arzum yoxdu. Bilmirəm arzular ola bilər. Məndə böyük arzu? Hə nə ? O olandan sonra nə olsun? Bəlkə də Qarabağ problemi ona görə həll olunmur ki, istər fərdi, istərsə də kütləvi şəkildə onu böyük arzuya çevirblər. İstənilən problemi adi bir məqsədə çevirib zirvələrə qaldırmayanda onu həll etmək daha asan olur.
“Mən anasından bəlkə də ən çox “sağ ol” eşidən övladlardanam”
Şahnaz: Ara-sıra İlqar Rəsulun da təqdimatında eşitdiyiniz “İşdən sonra” proqramının aparıcısı doktor Ziya görək nə deyir?
(Doktor Ziya söhbətə qoşulur): “İlqarın gözəl xasiyyətinin bir məqamı xoşuma gəlir ki, o yaranan problemə mənim qəbul etdiyim prizmadan yanaşır: “Yəni problem deyil, həmin problemi yüksək səviyyədə həll etmək olar. Darıxma, heç bir şey baş verməyəcək”. Əsas məsələ bu deyil. Onun istifadə etdiyi ifadələrdi. Və bununla da o cəlb edir. Çox ünsiyyətcil bir insandı”.
-İlqar: Əslində mənim “mən” deməyimə baxmayın. Mən dünyanın çox balaca adamıyam və sevinirəm ki, getdikcə də kiçilirəm. Yəni o qədər kiçilirsən ki, mən kiməm ki, anlayışı gəlir çıxır ortaya. Mən kiməm ki, kiməsə qiymət verim? Bax bu kömək edir. Mən elə hesab etmirəm ki, mən kiməsə qiymət verəcək qədər səlahiyyət sahibiyəm. Məsələn, kimsə nəsə kəskin bir hərəkət edir, kimsə onu müzakirə edəndə mən deyirəm ki, neynirsən o boş şeydi? Məsələn, ondan danışmağına dəyməz.
Şahnaz: Bəzən sənin haqqında belə fikir də var ki, müəllifini də deməyə çəkinmirəm-Babək Bəkir- həmişə deyir ki, İlqar həmişə orjinal görünməyə çalışır. Belə bir istəyin varmı?
-İlqar: Özümə də deyib.
Şahnaz: Qoy dinləyicimizə bir az da aydın olsun. İlqar , Babək və mən, demək olar ki, yanaşı otururuq. Ona görə bizim söhbətlərimiz də tez-tez olur. Təəssüf ki, axır vaxtlar az olur. Çünki mən “Xəbər-Ətər” proqramına keçdiyimə görə çox ünsiyyətimiz olmur.
-İlqar: Səni bizim əlimizdən aldılar. Hə, Babək Bəkir onu özümə də deyib. Əslində onun o cür deməyi mənə xoşdur. Bilmirəm, bəlkə də, çalışıram. Mənə elə gəlir ki, mənim elə bir cəhdim olmayıb, yəni orijinal görünmək. Və həmişə mən xoşlayıram müşahidə etməyi. Bu baxımdan müşahidələr imkan verir ki, bəzən elə fikirlər səsləndirəsən ki, o, məsələn ola bilər ki, yeni olsun. Məsələn, mən bir dəfə kompüterimin ekranına yazmışdım ki, Allah heç kimi mənə möhtac etməsin. Mənə kimisə möhtac görəndə bu məni ağrıdır, onun vəziyyəti. Ona görə, öz ağrımamağımın dərdindən , öz mənafeyimi güdmək dərdindən istətyərdim ki, mən kiməsə möhtac olum. Və yaxud da mənə möhtac olmasınlar. Belə şeylər Babək Bəkirdə o fikirləri yaradır , amma hər halda Babək Bəkirin müşahidə qabilliyyəti kifayət qədərdi. Əgər o deyirsə, demək burda nəsə var, Şahnaz!
Şahnaz: Qoy bir-iki detal da mən deyim dinləyicilərimizə sənin haqqında. İlqar Rəsul o adamdır ki, səhər işə gəlib rahatca deməz ki sənin vaxtın varmı? Öz problemindənmi, dünən baxdığı filmdənmi başlaya bilər və rahatca bu haqda danışa bilər. Sən dur deyənə qədər o danışacaq.
-İlqar: Və heç bir vicdan əzabı çəkmir. Buna mənim ehtiyacım var və bunu tərgitməyəcəm heç. Çünki, axı, mənim başqalarına da ehtiyacım var. Mən başqalarsız ola bilmərəm. Mən ümumiyyətlə adamları çox istəyirəm.
Şahnaz: Vaqif Səmədoğlunun bir şeiri var. Təxminən belə deyir ki, bu dünyaya əliboş gəldim, gedəndə necə əlidolu gedə biləcəyikmi?
-İlqar: Mənə elə gəlir ki, o tərəfə aparmağa çox şey var. Atamla görüşməyi mən çox istəyirəm və mən ondan indi hardasa 3 yaş böyüyəm. İndi mən bilmirəm mən onun atası olacam, yoxsa o mənim atam olacaq? Amma danışmağa yəqin ki, edə bilmədiklərimi deməklə yanaşı, az-çox ürəklə deyə biləcəyim şeylər də olacaq. Mən anasından dünyada bəlkə də ən çox “sağ ol” eşidən övladlardan biriyəm. O baxımdan mənə elə gəlir ki, o tərəfə gedib o tərəfdəkiləri rahat etməyə bəzi deyəcəklərim var.
“Tanrı ilə söhbət eləmişəm”
Şahnaz: Depressiyaya düşürsən tez-tez?
-İlqar: Hə olur. Çox olur. Mən ruhdan düşməkdən qorxan adamam və heç vaxt ruhdan düşməyin tərıəfdarı deyiləm və heç vaxt ruhdan düşməmişəm. Bircə dəfə hiss etmişəm ki, həmin ərəfədəyəm. Və onda da kömək o olub ki, özüm öz yaxamdan tutub yağışlı havada küçədə gedirdim və özüm- özümə başa sala bildim. Yaxşı ki, mən ondan çıxa bildim. Mənim elə bil ki, “onda” qalmağım, “ona” təslim olmağım kifayət qədər mənim ətrafımdakı adamların həyatını-sonra ola bilsin ki, faciəsi ilə qurtara bilərdi.
Doktor Ziya söhbətə qoşulur: “Belə anlar olur verilişdə. Apardığım “İşdən sonra” proqramında nəzərdə tutulan bir çıxış olmalıdır. Amma o alınmır. Telefon bağlantısı alınmır və yaxud da qonaqla söhbət tez bitir. Canlı efirdi, İlqarın da əlində birdən növbəti sıra növbəsi ilə Kontekst proqramı üçün hazırladılğı bir reportaj olur”.
Şahnaz: Vaxt da məhdud, bir saat vaxt qalıb. Ya bir saat 10 dəqiqə.
Doktor Ziya: “Və mənim proqramımda, apardığım proqramda da bir 12 dəqiqə vaxt qalır, tutaq ki, İlqar gəlir. Məhz elə 12 dəqiqənin hamısında da danışır. Nə qədər istəyirsən danışa bilər.”
Şahnaz: Təcili yardım.
Doktor Ziya: Hə proqramın, efirin təcili yardımıdr.
Şahnaz: İlqar davam edək də qaldığımız yerdən.
-İlqar: Davam edək.
Şahnaz: Bəlkə də artıq qurtarmalıyıq, yekunlaşdırmalıyıq? Necə bilirsən?
-İlqar: Bəlkə də.
“Dərdin özünə dərd olmaq lazımdır”
Şahnaz: Mən İlqar Rəsulu tanıda bildim?
-İlqar: Bilmirəm. Mənə elə gəlir ki, mənim özümün hələ özümlə yaxşıca oturub söhbət etməyim var. Tanrı ilə söhbət eləmişəm. Müsahibə də götürmüşəm. Amma özümlə hələ o dərəcədə alınmır. Bunu sən elədin.
Şahnaz: Bəs Tanrı ilə müsahibə necə alındı?
-İlqar: Pis deyildi əslində. Xüsusi ilə də söhbətin mənlə bağlı yeri ki, “mən səni belə yaratmamışdım”. Bəlkə də məni ona görə yartmışdı ki, bunun arxasında müqəddəs missiya dayanır. Yaxın adamların qayğısına qalmaq. O baxımdan kömək məsələsinə bəzən mən fikriləşirəm ki, mənim ölməyə də ixtiyarım yoxdu indiki vaxtda. Mənim missiyam bəlkə də budur. Çünki mən daha böyük işləri görə bilmədim.
Şahnaz: İlqar Rəsul təşəkkür edirəm sənə.
-İlqar: Mən əvvəldən də istəyirdim ki, bu müsahibəni sən götürəsən. Çox təşəkkür edirəm, Şahnaz. Problemlər-filan, hamısından, danışdıq. Bir şeyi də sonda deyim ki, mənim içimdə böyük bir qəbirstanlıq var və mən orda çoxlu dərdlər basdırmışam. Və məni düşündürən də odur ki, o dərdlər nə qədər ağrıdıcı olsa da mən onları nə vaxtsa özümlə qəbirə aparacam və məmnuniyyətlə onları orda cürüdəcəm. İnsanlara da məsləhət görərəm ki, dərdin özünə dərd olmağa bir az çalışmaq lazımdır ki, heç olmasa ayaq üstə qala biləsən.