İnformator.az saytının problemləri media ekspertlərinin diqqət mərkəzində

Bölmə: MEDİA › ,
Tarix: 17:31 22.07.2015

Bu günlərdə prezidentin “Fəxri diplomu” ilə təltif edilmiş BDU-nun jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova Hafta.az-a açıqlamasında İnformator saytı haqqında fikirlərini bölüşüb.  İnformator.az saytı erməni dilindən tərcümələr verir, tələbələr cəlb edilir deyən Aynur Nəsirova maliyyə problemini diqqətə çatdırıb. 

Sözügedən müsahibəni sizə təqdim edirik:

Azərbaycan mətbuatının 140 yaşı tamam olması münasibətilə bir sıra ali təltiflər oldu. Son günlər ölkə başçısı bir sıra media kapitanlarını, bu sahədə uzun illər qələmini süngüyə çevirərək ölkəmizin uğurları, dövlətçiliyimizin möhkəmlənməsi uğrunda qələm çalmış media əhlini mükafatlandırdı. Medallar, qiymətli hədiyyələr təqdim etdi.

Prezident ölkənin media nəhəngləri ilə keçirdiyi görüşdə uğurlarla yanaşı, bir sıra problemlərə də toxundu. Ölkə başçısı ölkənin maraqları, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir sıra işlərin görülməsini də vacib adlandırdı. İlham Əliyev bildirdi ki, Ermənistanın dünyada işğalçı dövlət kimi tanınmasında, bir milyon qaçqınımızın hüquqlarının bərpa olunması işində medianın gördüyü fəaliyyətlərin özünəxas yeri var.

Ölkə başçısı problemin həlli yolunu da özü göstərdi. Dövlət rəhbəri ölkənin ən oxunaqlı saytlarının, eləcə də bu yöndə ixtisaslaşmış saytların bir neçə dildə dünyaya yayımlanmasını təmin etməyin vacib olduğunu dedi. Doğrudur, bu yöndə karabakh.info kimi saytlar Qarabağ həqiqətlərini çatdırsa da, bu kifayət etmir.

Bəs bunun üçün hansı işlər görülməlidir? Prezidentin tapşırığından sonra ölkənin online media rəhbərləri işlərini hansı istiqamətdə quracaqlar? Erməni saytları bu sahədə bizdən çoxmu qabaqdadır? Bütün bu suallara aydınlıq gətirmək üçün ölkənin ilk online media saytlarının qurulmasında böyük işlər görmüş jurnalist həmkarlarımızın fikirlərini öyrənməyə çalışdıq.



Bu günlərdə prezidentin “Fəxri diplomu” ilə təltif edilmiş BDU-nun jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova prezidentin verdiyi bu tapşırıqların tezliklə həyata keçirilməsində KİVDF və Mətbuat Şurasının üzərinə böyük yük düşdüyünü də vurğulayıb:

“Bütün bunları düşünüb edə bilməyən peşəkarlara maddi və mənəvi dəstək olunmalıdır. Əslində bir qrup media mütəxəssisi belə bir ideya irəli sürdü. Hətta öz güclərinə sayt da yaratdılar. İnformator.az saytı erməni dilindən tərcümələr verir, tələbələr cəlb edilir. Amma maliyyənin olmaması işləri axsadır. Əslində reklam vermək istəyənlər, pəncəsinin altına çəkmək istəyənlər çoxdur, amma təşkilatçılar buna getmir. Yəqin prezidentin bu sözlərindən sonra işlər daha da sürətlənəcək”.

Aynur Nəsirova açıqlamasında bildirib ki, saytların bir neçə dildə yayımlanması məsələsində bədnam qonşularımıza nisbətdə xeyli gecikmişik:

“Bu, çoxdan olmalı idi. Əslində təşəbbüs sayt rəhbərlərindən gəlməli idi. Dövlət başçısının bu təklifi dərhal dəyərləndirilməlidir. Dil biliyi artırılmalıdır. Təkcə ingilis dili yox, gec də olsa düşmənlərimizin dilində yayınlamalıyıq.

Jurnalistika fakültəsində ingilis, rus və erməni dilləri ixtisas fənləri ilə bərabər 1-ci kursdan 4-cü kursa qədər tədris edilməlidir. Təkcə "Sabah" qrupları ilə kifayətlənmək olmaz. Bununla bağlı QHT-lər, Gənclər Fondları pulsuz kurslar təşkil etməlidir. Mətbuat orqanları jurnalistlər qarşısında dil öyrənməyi şərt kimi qoymalıdır. Əslində biz çox şeyə gecikmişik”.



Bəs başqa dillərdə yaza və düşünə biləcək jurnalist potensialımız nə qədərdir? Poliqlotluq sahəsində kifayət qədər professional, dünyaya çıxa biləcək carçılarımız varmı?

Tezxəbər.az informasiya portalının baş redaktoru, tanınmış jurnalist  Vəli Əkbəraçıqlamasında bildirib ki, Azərbaycan şərtləri altında işləyən çoxlu peşəkarımız var. O, dünyanın bir çox ölkələrinin fəaliyyət şərtləri altında CNN, BBC, RTV, ZDF və s. media orqanlarının ulduzları ilə bəhsə girə biləcək jurnalistlərimizin varlığından əminliyini gizlətmir:

“Prezident İlham Əliyevin həmkarlarımızla görüşündə səsləndirdiyi bu fikir, əslində jurnalist ordusuna hücum əmridir desəm, daha uyğun olar. Yeni mərhələnin başlanğıcıdır. Cəsarətlə bu işdən yapışmaq lazımdır. Azərbaycan mətbuatı uzun illərdir öz yağında bişir. Heç yoxdur demək olmaz, bu yöndə fəaliyyət göstərənlər var. Amma yeni keyfiyyətdə daha geniş arealda gündəmə gəlməyimizə ehtiyac vardı. Məncə, yetər! Niyə ölkəmizdə hasısa media qurumu regionun, dünyanın bir nömrəlisi olmağa iddialı olmasın? Həmişə qeyd etmişəm, bizim şərtlər altında işləyən çoxlu peşəkarımız var ki, dünyanın bir çox ölkələrinin fəaliyyət şərtləri altında CNN, BBC, RTV, ZDF və s. media orqanlarının ulduzları ilə bəhsə girə bilərlər. Yəni insan resursumuz, kadr potensialımız yox deyil, yetər ki, çörəyi çörəkçiyə verəsən!”.

Vəli Əkbər ölkə başçısının sözünə qüvvət olaraq mediamızın internet üzərindən dünyaya inteqrasiya etməsi ilk olaraq Azərbaycan açısından çox önəmli olduğunu da vurğulayıb:

“Həqiqətlərimizin hər kəsin bilməsi, dünya oxucusu və tamaşaçısının obyektiv informasiya ilə təmin olunmasında Azərbaycan jurnalistləri daha fəal tərəf kimi çıxış etməyə borcludurlar. İndi məsələ qalır ona ki, Milli Mətbuatımız buna nə qədər hazırdır? Dünya oxucusunun nəzər diqqətinə düşmək, onun oxu və seyr zövqünü tutmağı nə qədər və necə bacaracağıq. Şəxsən mən hesab edirəm ki, bu kimin kim olduğunu bir daha üzə çıxaracaq. Peşəkarlığın, əsl jurnalistika prinsiplərinin formalaşmasına imkan tanıyacaq. Həm də içimizdə alaq otu kimi boy vermiş üzdəniraqların az-çox ələnməsinə müəyyən mənada şərait yaratmış olacaq”.

Tezxəbərin baş redaktoru bundan qurtulmağın yolunu da açıqlayıb:

“Nə etməli – klassik sualını qoyursunuz! Bir az ironik olsa da, məsələyə milli klassikadan yanaşmaq olmaz deyirəm! Bazarın monitorinqi və marketinqi aparılmalıdır. Tərəflər və beynəlxalq təcrübə öyrənilməlidir. Jurnalistlərin peşə səviyyəsini artırmaq üçün hər bir müəssisə qazanmağa meyil göstərərək, əməkdaşının təhsil məsələsinə diqqət yetirməlidir. Operativlik və dəqiqlik əsas şərt kimi götürülməlidir, artıq sırf özündən xəbərləmə deyil, dünyadan xəbər satmağa çalışmalıyıq. Xəbərdən, analizdən, müsahibədən niyə pul qazanmamalıyıq ki? Bu sahənin unikal tərəfləri var ki, onu da buradan deməyəcəm, xətt müəyyənləşib, yol gedilməlidir. Təbii ki, hamı ilk olaraq dövlətin dəstəyi, maliyyə ayrıntıları notlarına köklənir. Bilirəm ki, bunlar olacaq. Amma əsas odur ki, qabaqda buna biznes-layihə kimi baxasan. Həmişə yardıma əsaslansan, yanaşma perspektiv vəd etmir”.



Media eksperti Zeynal Məmmədli isə açıqlamasında bildirib ki, ilk olaraq öz dilimizdə doğrunu və öz dilində səlis yazmaq bacarığı jurnalistikamızda formalaşmalıdır:

“Bu məsələləri qəşəng düşünmüşəm. Əslində dünyadakı bütün hökumətlər ölkənin yaxşı tanınması deyəndə özlərinin yaxşı tanınmasını nəzərdə tuturlar. Hər yerdə bu belədir. Mən hesab edirəm ki, jurnalistikanın unikal dilini saxlamaqla bildiyi, danışdığı dildə doğrunu yazmasıdır. Əgər sən doğrunu yüksək standartda yazırsansa, o onsuz da başqa dilə tərcümə olunacaq. Sənin ölkənlə bağlı olan o böyük doğrunu, həmin yazını başqa dilə tərcümə etməyin heç bir önəmi olmayacaq. Doğrunu yazırsansa, o onsuz da özünə yol tapacaq. Ölkəni tanıtmaq, onun həqiqətlərini dünyaya tanıtmaq doğrunu yazmaqdır. Bizim üçün kimsə yalan yazırsa, biz oranı da tanımayacağıq. Bu heç kim üçün də faydalı olmayacaq. Biz özümüzü dünyaya tanıtmaq istəyirik. Bunun üçün də ilk növbədə özümüzü nə qədər tanımağımıza qərar verməliyik. Bu yazımızda da öz əksini tapacaq. O zaman yazılan yazı da özünü tanıdığın qədər auditoriya toplayacaq. Kiminsə bizi yaxşı tanımağı üçün yazmaq düzgün deyil. Mən bu cür düşünürəm. Baxın, Mirzə Cəlil 100 il bundan qabaq bir jurnal buraxıb. Amma Amerika bizdən də əvvəl bu jurnalın elektron versiyasını hazırlamağa başladı. Araşdırmalar aparır. Hərə öz məqsədləri üçün öyrənir. Kəşfiyyatçı bir məqsəd üçün, iqtisadçı tamam başqa məqsəd üçün araşdırma aparacaq. Amma əsas odur bizim öyrənmədiyimiz qədər “Molla Nəsrəddin”i öyrənirlər. “Molla Nəsrəddin” bizim dildə yazırdı. Görürsünüz, onu tərcümə də edirlər. Mən demirəm başqa dildə mətbuat olmasın. Amma ilk olaraq onu öz dilimizdə doğru şəkildə yaza bilək. Öz dilimizdə yaxşı danışa bilək, sonrakılar xoşbəxtlik qayğılarıdır. Bizim ona çatmağımıza çox var”.

HAFTA.AZ