Beynəlxalq təşkilatlar və onların bugünkü rolu-Politoloq RƏYİ
Bölmə: Siyasət › ,Tarix: 23:39 22.11.2024
“Beynəlxalq təşkilatların real fəaliyyət göstərməsi zəruridir”.
Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyətində ciddi çatışmazlıqlar mövcuddur:
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması, BMT-nin müxtəlif qurumlarının qərarlarının həyata keçirilməməsi bu təşkilatın etibarını sarsıdır. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin qərarları, o cümlədən, Rusiya Prezidenti Vladimir Putin və İsrailin keçmiş müdafiə naziri Binyamin Netanyahu ilə bağlı həbs orderlərinin icra edilməməsi, beynəlxalq ədalət sisteminin nüfuzuna ciddi zərbə vurur. Bu qərarlar artıq şablon xarakter daşıyır və praktik təsir gücünü itirib".
Politoloq beynəlxalq təşkilatların fəaliyyətlərinin əhəmiyyətsizləşdiyini vurğulayıb:
“Bu gün BMT-nin əməkdaşlar və nümayəndələrinin həyatlarını belə qoruya bilməməsi, bu qurumun idarəetmə mexanizmi baxımından əhəmiyyətini itirdiyinə işarədir. Bununla belə, beynəlxalq təşkilatların mövcudluğu vacibdir. Lakin onların fəaliyyəti real və təsirli olmalıdır. Əgər bu təşkilatlar yaradıldıqları zaman müəyyən edilmiş məqsədlərə doğru hərəkət etsələr və qəbul etdikləri qərarların icrasında əllərindən gələni etsələr, bu zaman onların nüfuzu artar".
Xəyal Bəşirov Azərbaycanın beynəlxalq arenada Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrü nümunə göstərərək, bu təşkilatın qlobal problemlərin həlli baxımından nüfuzunun artdığını qeyd edib:
“Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il ərzində bu təşkilatın dünyadakı təsir gücünün artdığını gördük. Hərəkatın ortaya qoyduğu təşəbbüslər və onların icrası beynəlxalq səviyyədə mühüm nəticələr verdi. Bu da dövlətlərin beynəlxalq təşkilatlara olan təsirini sübut edir".
“Beynəlxalq təşkilatların hansı regionda və ya istiqamətdə fəaliyyət göstərməsindən asılı olmayaraq, onların real iş ortaya qoyması vacibdir. Ədalətli yanaşma olduğu təqdirdə, beynəlxalq qurumların müsbət nəticələrini görəcəyik. Əks halda, onların rolunun azalması davam edəcək",-deyə o, fikirlərini yekunlaşdırıb.
Asiya Zeynallı