Nikol Paşinyanın son dövrdəki siyasəti

Bölmə: Siyasət › ,
Tarix: 21:28 03.12.2024

Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdəki siyasəti və regionda baş verən proseslər beynəlxalq ictimaiyyətin diqqətini yenidən Cənubi Qafqaza yönəldib. Rusiyadakı daxili qarışıqlığın bölgə siyasətinə təsiri, Ermənistanın mümkün yeni planları ilə bağlı müzakirələri daha da artırıb. Bəzi analitiklər hesab edirlər ki, Paşinyan Rusiyanın zəifliyindən istifadə edərək yeni geosiyasi addımlar ata bilər. Bu isə yenidən bölgədə münaqişə riskini gündəmə gətirir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, mən müharibə başlayacağını düşünmürəm:

 

"Azərbaycan Ermənistanın arsenalının böyük hissəsini məhv edib. ATƏT-in Minsk qrupunun və Avropa İttifaqının Qarabağ münaqişəsi tərəflərinə — Azərbaycan və Ermənistana — qoyduğu müəyyən kvotalar var idi. Bu kvotalara əməl etmək üçün Ermənistan, Rusiyadan aldığı silahların çoxunu Qarabağ ərazisinə yerləşdirdi. Azərbaycan Silahlı Qüvvələri bu silahların böyük bir hissəsini məhv etdi və bir qismini ələ keçirdi. Ermənistan tanklarının, toplarının, zenit-raket sistemlərinin, S-300-lərinin, yaylım artilleriyalarının və s. böyük bir qismini itirdi. Düşünürəm ki, Ermənistan belə tezliklə silahlanıb müharibəyə addım atmaz. Amma bu, qarşı tərəfin meyillərini də diqqətdən qaçırmaq mənasına gəlmir. Ermənistan Yunanıstandan, Fransadan və Hindistandan silah əldə edir. Xüsusilə Yunanıstandan S-300-lərin gətirilməsi Ermənistanın hava müdafiə sistemlərini gücləndirmək üçün kifayət qədər ciddi bir addımdır".

 

Zəhra Məmmədova