Tramp və Respublikaçılar Ali Məhkəmənin DEI qərarını səhv yozurlar

Tarix: 20:03 24.02.2025
Prezident Donald Trampın administrasiyası və müttəfiqləri korporativ və hökumətə məxsus müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarına qarşı sürətlə genişlənən mübarizədə Ali Məhkəmənin iki il əvvəl qəbul etdiyi bir presedentə güvənirlər. Halbuki həmin qərar iş yerində müxtəliflik məsələsinə demək olar ki, toxunmur.
Trampın vəzifəyə başlamasından bir ay sonra qaldırılan məhkəmə iddiaları və xəbərdaredici məktublar, 2023-cü ildə ali təhsil müəssisələrində müsbət ayrı-seçkiliyi zəiflədən mühüm məhkəmə qərarına istinad edir. Onlar iddia edirlər ki, bu hökm şirkətlərin DEI proqramlarını dayandırmasını da tələb edir.
"Ali Məhkəmə bunu ən yaxşı şəkildə ifadə edib: ‘İrqçi ayrı-seçkiliyin aradan qaldırılması, onun tamamilə aradan qaldırılmasını nəzərdə tutur’," – deyə 19 ştatın Respublikaçı baş prokurorları Costco-ya göndərdikləri məktubda bildiriblər. Onlar pərakəndə satış nəhəngini müxtəliflik təşəbbüslərindən imtina etməyə çağırıblar. "İşçiləri, investorları və müştərilərinin xeyrinə olaraq, Costco ‘doğru olanı etməli’ və DEI siyasətlərini ləğv etməlidir".
Lakin hüquq ekspertləri bildirirlər ki, Ali Məhkəmənin Students for Fair Admissions v. Harvard işində çıxardığı 6-3 qərarın özəl sektor üçün qaydalar müəyyən etdiyi iddiası, DEI tənqidçilərinin istəklərinə uyğun uydurulmuş bir yozumdur.
DEI əleyhdarları “bu qərarı bilərəkdən şişirdərək hədə-qorxu və təzyiq vasitəsi kimi istifadə edirlər”, – deyə Nyu-York Universitetinin hüquq professoru və Meltzer Mərkəzinin icraçı direktoru Devid Qlazqou bildirib.
“Bu işdə özəl sektorda məşğulluq və ya DEI barədə heç nə deyilmir,” – deyə əmək hüququ üzrə vəkil Brent Siler əlavə edib. “DEI, özü-özlüyündə qeyri-qanuni deyil, lakin bəzi hallarda bu siyasətlər qanun pozuntusuna səbəb ola bilər".
Məhkəmə işi konkret olaraq Harvard və Şimali Karolina Universitetinin qəbul siyasətlərinə aid idi. Həmin siyasətlərdə tələbələrin qəbul prosesində irqin nəzərə alınması müxtəlif tələbə mühiti yaratmaq məqsədinə xidmət edirdi.
Ali Məhkəmənin mühafizəkar çoxluğu belə hesab edib ki, bu universitetlərin irqi nəzərə alma üsulu bərabər hüquqlar haqqında konstitusiya maddəsini pozur. Bu qərar, onilliklərdir ki, müsbət ayrı-seçkiliyə qarşı mübarizə aparan mühafizəkar hüquq qrupları üçün böyük qələbə olub.
CNN
Nuray Qurbanlı