"Siyasətdə şeirlər yox, əməllər rol oynayır"

Tarix: 20:11 24.02.2025
Türk əsilli İran Prezidenti Pezeşkiyan Təbrizdə Azərbaycanca Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini səsləndirib. Daha öncə də Pezeşkiyan Azərbaycanın Baş Nazirini Azərbaycanca salamlayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “informator.az”a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkiyanın türkcə şeir oxuması soydaşlarımız arasında rəğbətlə qarşılanıb:
“Hər nə qədər bu addım Azərbaycanlı əhalinin könlünü alma siyasətinə hesablanmış olsa da, guya şeir söyləyərkən ona mane olmaq istədikləri görüntüsü yaratmağa çalışsalar da, bu, zahirən faydalı amildir. Şübhəsiz ki, İran prezidentinin o qədər də əhəmiyyətli rolu yoxdur. Çünki əsas səlahiyyət və dövlət rəhbərliyi ali dini liderin əlindədir. Belə bir simvolik vəzifəyə türk əsilli əhalinin könlünü almaq üçün özlərindən prezident gətirilməsi və indi də türkcə şeir söylədilməsi fars siyasətinə xidmət edir. Tutaq ki, həqiqətən də türk olduğu üçün Azərbaycan əsilli soydaşlarımızın haqqını müdafiə etmək istəyir. Əgər adi bir şeir söyləyəndə ona rəsmi xəbərdarlıq edirlərsə, imkan vermirlərsə, o, hansı haqqı müdafiə edə bilər? İranda türk əsilli prezident əsir timsalındadır. İran həmişə üzdə bir cür, altda tam başqa cür siyasət aparır. Belə jestlərə aldanmamaq lazımdır”.
Siyasi şərhçinin sözlərinə görə, belə jestlər xalqlar arasında yaxınlığı artıracaq:
“Siyasətdə əsas şeir və şüarlar yox, əməl və iş rol oynayır. Cənubi Azərbaycan əhalisinin fars rejiminə qarşı oyanışını yenidən yuxuya vermək üçün hələ çox şeirlər və bayatılar söylənəcək. Min illərə dayanan fars dövlət siyasətinin təməli xəyanət, yalan, riyakarlıq və şovinizmdir. İran illuziya yaradır ki, guya sizin özünüzdən prezident seçilib. Buna da aldananlar var. Demək istəyirlər ki, əsas dil problemini qabardırsınız, indi buyurun, prezident özü türkcə danışır, daha məktəbə ehtiyac yoxdur. Qoy dünya da görsün ki, prezident türkcə danışır. Lakin bütün bunlara baxmayaraq, İranla Azərbaycan arasında son zamanlar münasibətlərin normallaşması üçün müxtəlif görüşlər keçirilir və müsbət istiqamətdə irəliləyiş var”.
Tural İrfan sonda qeyd edib ki, İranın dövlət siyasəti heç bir halda Azərbaycana qarşı dəyişməyəcək:
“Pezeşkiyan əgər daxildən manevr etmək gücünə sahib olsa və bunda qərarlı olsa, müəyyən dəyişikliklər baş verə bilər. Amma bunun üçün dərin siyasət aparılmalı və sağlam komanda formalaşmalıdır. Türkiyə və Azərbaycanla İranın səmimi münasibəti o zaman baş tuta bilər ki, İranda türk və müsəlman düşməni olan rejim həmin ideoloji xətdən imtina etsin. Əks halda zahiri, xırda detallar – şeir, bayatı ilə əhəmiyyətli bir şeyə nail olmaq mümkün deyil. Ondan ümid ummaq da sadəlövhlükdür”.
Asiman Vəliyeva