Xədicə İsmayılın həbsinin siyasiləşdirilməsinə rəsmi dairələr reaksiya verib
Bölmə: MEDİA › ,Tarix: 18:23 02.09.2015
“Azadlıq” radiosunun əməkdaşı jurnalist Xədicə İsmayıl sentyabrın 1-də 7,6 il müddətinə azadlıqdan məhrum edildi. Onu vergidən yayınmaqda, mənmsəmədə, qanunsuz sahibkarlıqla məşğul olmaqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsinə münasibət bildirib.
İnformator xəbər verir ki, Əli Həsənov Azərtaca verdiyi açıqlamada jurnalistin həbsinin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib:
"Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb. Buna görə də bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, həmçinin bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının məhkəmənin X.İsmayılova ilə bağlı qərarını siyasiləşdirmək cəhdləri yolverilməzdir."
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi ölkədə söz və məlumat azadlığının vəziyyətinə də toxunub: "Azərbaycan dövləti söz və məlumat azadlığını, kütləvi informasiya vasitələrinin müstəqilliyini daha da inkişaf etdirmək istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu gün ölkədə yüzlərlə KİV tam sərbəst şəkildə və təhlükəsiz şəraitdə fəaliyyət göstərir, jurnalistlər heç bir maneə olmadan öz vəzifə borcunu yerinə yetirirlər. İnkişaf etmiş Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistlər peşə fəaliyyətinə görə məsuliyyətə cəlb olunmurlar. Bu səbəbdən bəzi xarici dairələrin Azərbaycandakı reallığı təhrif etmək, ayrı-ayrı halları əsassız şəkildə ümumiləşdirərək ölkənin demokratik imicinə xələl gətirmək cəhdlərini qəbuledilməz hesab edirik və onları bu yanaşmadan çəkinməyə çağırırıq."
Azərbaycan Xarici İşlər Nazirliyi də Xədicə İsmayılova barəsində çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamentinin, Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların bəyanatlarına cavab verib.
XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, Xədicə İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 1 sentyabr 2015-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarılıb:
“Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik. Təəssüflər olsun ki, Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi. Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir.Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır. Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apellyasiya qaydasında müraciət hüququ təsbit edilib”.