"Sülh Yolunda Addımlar: İrəvan və Bakı Razılaşmaya Yaxınlaşır"

Bölmə: Siyasət › ,
Tarix: 21:15 05.12.2024

Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişə sülh istiqamətində yeni bir mərhələyə qədəm qoyur. Ermənistan Baş naziri Nikol Paşinyanın sözlərinə görə, tərəflər sülh sazişi mətninin 90 faizini razılaşdırıblar. Bu açıqlama regionda stabillik və əməkdaşlıq üçün ümidlərin artmasına səbəb olub. Sazişin tam mətni üzərində müzakirələr davam etsə də, hər iki tərəfin kompromislər axtarması gələcək üçün pozitiv siqnallar verir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, əgər Paşinyanın dedikləri həqiqətdirsə, bu, o deməkdir ki, 16 maddəlik sülh sazişi mətninin 14 maddəsi ətrafında razılıq var:

 

"Xatırlatmaq lazımdır ki, Paşinyan ən son 3 maddənin çıxarılmasını təklif etmişdi. İndiki halda 2 maddə üzrə narazılıq qalır və bu, bir irəliləyişdir, əgər Paşinyanın dedikləri həqiqətdirsə. Noyabrın əvvəlində Azərbaycan Prezidenti bildirmişdi ki, sülh sazişi ilə bağlı ciddi irəliləyişlər var. Daha sonra Hikmət Hacıyev yaxın zamanda sülh danışıqlarının bərpa ediləcəyini qeyd etdi. Bütün bunlar göstərir ki, iki ölkə arasında sülh sazişinin sürətləndirilməsi istiqamətində addımlar atılır və ümid olunur ki, ilin sonuna qədər sülh sazişinin ilkin layihəsi razılaşdırılacaq. Amma aydındır ki, burada hələ razılaşdırılmayan maddələr var. Xüsusilə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, eyni zamanda ATƏT-in Minsk qrupunun ləğvi məsələsi sülh sazişinin imzalanmasına mane olaraq qalır. Digər tərəfdən, Ermənistanın silahlanması və Qərb tərəfindən Ermənistana militarizm siyasətinin sövq edilməsi regional sabitliyə və sülh sazişinə təhdiddir. Ermənistan əgər davamlı sülhə maraqlıdırsa, militarizm və revanşizm siyasətindən əl çəkməlidir. Bütün bunlar dayanıqlı sülh üçün vacibdir".

 

Zəhra Məmmədova