Mərkəzi və yerli hakimiyyətlər arasındakı qarşılıqlı əlaqələr

Tarix: 21:18 05.12.2024
Bildiyimiz kimi, mərkəzi və yerli hakimiyyətlər arasındakı qarşılıqlı əlaqə dövlət idarəçiliyinin effektivliyini müəyyən edən əsas amillərdəndir. Mərkəzi hakimiyyət milli siyasətləri və vahidliyi təmin edərkən, yerli hakimiyyətlər konkret bölgələrin ehtiyaclarına cavab verir. Lakin bu əlaqədə balansın qorunması mühüm əhəmiyyət kəsb edir.
Bəs mərkəzi və yerli hakimiyyətlər arasındakı qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi üçün hansı tədbirlər görülə bilər?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, dövlətlərin tam mərkəzləşdirilməsi və yaxud müəyyən qədər yerli orqanlara səlahiyyətlərin verilməsi, onlar arasında balansların yaradılması daha effektiv model hesab oluna bilər:
" Təbii ki, Azərbaycanda mərkəzi hakimiyyət orqanları (yerli və bələdiyyə) var. Cəmiyyətdə ümumi qənaət bundan ibarətdir ki, zaman keçdikcə daha çox yerli hakimiyyətlərin həm imkanları, həm də səlahiyyətləri artırılmalıdır və mərkəzi hakimiyyətin yükü azaldılmalıdır. Bununla daha çevik idarə sisteminə keçirilə bilər. Bələdiyyələrin cəmiyyətin idarə olunmasında böyük rolu olan qurum kimi fəaliyyətlərinin gücləndirilməsinə ehtiyac var və artıq bu istiqamətdə müəyyən addımlar atılır. Bələdiyyələr mərkəzləşdirilir, əhatə dairələri böyüdülür. Bu isə gələcəkdə bələdiyyələrə daha da ciddi funksiyaların verilməsinə gətirib çıxara bilər".
Aydan Talıblı