Ermənistan zamanında sülh sazişi ilə bağlı sürətli addımlar atsa idi...-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 11:34 05.12.2024

Ermənistan parlamentinin “Hayastan” müxalifət blokunun 4 deputatı İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsi ilə tanış olmağa qadağa qoyulduğuna görə hökumətə və Ermənistan Xarici İşlər Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Maraqlıdır, Ermənistan-Azərbaycan arasında sülh sazişinə yaxın bir zamanda belə bir qərarın olması və deputatların addımları nəyi deməyə əsas verir?

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov informator.az-a açıqlamasında qeyd edib ki, bu tip hadisələrin olması təbiidir:

"Ermənistanda İqtidar ilə Müxalifət partiyaları arasında ziddiyyətə səbəb olan əsas məsələlərdən biri də məhz Ermənistan-Azərbaycan arasında sülh sazişi prosesidir. Bu baxımdan da indiki halda deputatların belə bir addımı gözləniləndir. Sözügedən sülh sazişi ilə tanış olmağa qadağa qoyulması, İqtidarın orada bir sıra bəndlərə, maddələrə Müxalifətin əsaslanaraq çevrilişə cəhd edəcəyini, hakimiyyətin gələcək addımları üçün təhlükə rolu oynadığını anlamasıdır. Bunların hər biri isə onu göstərir ki, mətndə yer alan müddəaların əksəriyyəti rəsmi Bakının maraqlarına uyğundur. Proseslərdə bu tipli problemlərin yaşanması da əbəs yerə deyil. Ermənistan zamanında sülh sazişi ilə bağlı sürətli addımlar atsa idi, indi artıq Müxalifət belə həmlələrə ehtiyac duymazdı".

Aytac Kərimova