İnternet və sosial medianın təbliğatdakı rolu artır...-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:44 06.12.2024

Sosial media- virtual icmalar və şəbəkələr vasitəsilə məlumatların, ideyaların, maraqların və digər ifadə formalarının yaradılmasını və paylaşılmasını asanlaşdıran interaktiv toxnologiyadır.

 

Politoloq Natiq Miri "informator.az" saytına açıqlamasında bildirib ki, internet insanlarla virtual təmas qurmağın bir vasitəsidir:

 

"Bu, həmçinin o deməkdir ki, heç bir yerə getmədən, zaman və maliyyə sərf etmədən, yəni ciddi enerji itkisinə məruz qalmadan, öz fikirlərini rahatlıqla virtual təmasda olduğun insanlara çatdırmaq mümkündür.

Əvvəllər müəyyən bir kiçik icma ilə görüşmək üçün maliyyə və zaman xərcləyib fiziki təmas qurmaq və fikirləri paylaşmaq məcburiyyəti vardı. Bu gün isə bunu çox asanlıqla internet vasitəsilə, xüsusilə sosial media platformaları üzərindən etmək mümkündür. Öz profilində müəyyən fikirləri paylaşaraq bunu minlərlə insanla bölüşə bilərsən. Həmçinin, yaratdığın qruplar vasitəsilə bu fikirləri daha çox insana çatdırmaq və yaymaq mümkündür.

Bu imkanlar, təbliğat prosesini daha da asanlaşdırır və daha geniş auditoriyaya çatdırma imkanı yaradır. Buna görə də, müasir dünyada təbliğatları aparmaq daha da asanlaşmış, imkanlar daha da böyümüşdür. Fikirləri və məqsədləri insanlara çatdırmaq artıq əvvəlkindən daha rahatdır.

Paralel olaraq, bəzi dövlətlər öz maraqları doğrultusunda internet və sosial media imkanlarından istifadə edə bilirlər. Bir dövlətdə keçirilən parlament və ya prezident seçkilərində, seçki prosesində müdaxilə etmək və konkret bir namizədin xeyrinə və ya əleyhinə təsir göstərmək üçün internet və sosial mediadan istifadə edilə bilər".

 

Politoloq Amerika, Rusiya və digər qlobal güclərin bu cür üsullardan istifadə etdiyini qeyd edib:

 

"Buna görə də, bu gün seçkiləri internetsiz və sosial mediasız təsəvvür etmək mümkün deyil. Hər dövrün özünün konkret siyasi alətləri, mexanizmləri mövcuddur.

 İnternet və sosial media, seçimlərdə insanlara çox şeyin asanlaşdırılmasında kömək edir. Artıq oturaraq, heç bir yerə getmədən, çox rahatlıqla öz təbliğatını aparmaq mümkündür. Bu baxımdan internet və sosial medianın təsirindən danışarkən, onun əhəmiyyətli dərəcədə təsirindən bəhs etmək vacibdir. Çünki bu imkanlardan istifadə etmədən seçkiləri və təbliğatı keçirmək artıq mümkün deyil. Doğrudur, göz təması və birbaşa görüşlər inandırıcılıq və əlaqə qurma baxımından daha təsirli ola bilər. Göz təması və fiziki görüşlər insanların inandırıcılığını artırır, lakin bunun üçün böyük zaman və maliyyə itkisi yaşanır. Məhz bu imkanların asanlaşdırılması üçün internet və sosial media çox ciddi bir vasitədir ".

 

Çinarə Tarverdiyeva