Suriyada Bəşər Əsəd rejimi devrildi

Bölmə: Siyasət › ,
Tarix: 22:37 09.12.2024

Rejimin devrilməsi ilə insanlar qələbəsini qeyd etməyə başladı. Bu rejimin devrilməsi ilə bəzi fikirlər yarandı. Xüsusən də, Ermənistan qorxuya düşüb. Erməni politoloqlar deyir ki, bu rejimin devrilməsi Ermənistan üçün də ağır nəticələnəcək. Azərbaycanın Zəngəzur bölgəsini işğal edəcəyini deyirlər.


Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Türkiyənin güclənməsi Ermənistan üçün faciə deyil, Ermənistan üçün faciə ermənilərin milli şüurudur:

“Suriyada Bəşər Əsəd rejiminin süqutu dolayısıyla, Türkiyənin regionda güclənməsi anlamına gəlir. Yəni, bu gün Türkiyəni nəzərə almadan Suriyada hansısa geosiyasi maraqları təmin etməyi düşünən yanılır. Bu faktdır. Türkiyə əslində indiki vəziyyətdə regionda bəlkə də ən strateji amilə çevrilib. Doğrudur, bütün təhlükələr hələ sovuşmayıb amma Türkiyə bütün siyasi və diplomatik danışıqları Suriya adına aparır ki, hər şey qansız, qadasız və təhlükəsiz həyata keçirilsin və tədricən hökümətin təhvil-təslimi və legitm bir Suriya hökümətinin qurulması təmin olunsun ki, bu da milli birliyə aparan yoldur. Çətin prosesdir, amma mümkündür. Bu məsələdə əsas ölkə Türkiyədir. Bu gün Türkiyə BMT başda olmaqla, ABŞ və digər dövlətlərlə danışıqlar aparır. Yəni, Türkiyənin güclənməsini Ermənistan siyasətçiləri özlərinə təhlükə potensial görür və onlar hər zaman türkləri, Türkiyəni özlərinə düşmən gördükləri üçün indidə Türkiyənin güclənməsini Ermənistana potensial təhlükə olaraq görürlər. Ancaq bu yalnış fikirdir. Nə Türkiyə, nə də Azərbaycan heç bir qonşu ölkənin ərazisini, o cümlədən, Ermənistanın ərazisini işğal etmək fikrində deyil. Hansı ki, bu ərazilərin böyük əksəriyyəti haqq və tarix olaraq Azərbaycana məxsusdur. Amma buna rəğmən Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur. Yetər ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmi və səmimi olaraq, həm də toplum olaraq imtina etsin və sülh, əməkdaşlıq ortaya qoyulsun. Bu gün bunu etməyən tərəf Ermənistandır. Buna görə də, düşmənçilik edərsənsə, əlbəttə hər zaman səni potensial təhlükələr gözləyər. Yox əgər, gələcəyinizi düşünüb normal əməkdaşlıq siyasəti qurursunuzsa, onda heç bir işğal, təhlükə qorxusu mövcud deyil və bunu Azərbaycan dəfələrlə bəyan edib. Ona görə də Türkiyənin güclənməsi Ermənistan üçün faciə deyil, Ermənistan üçün faciə ermənilərin milli şüurudur”.

Günel Verdiyeva