Suriya: Əsəd rejiminin devrilməsi və yeni keçid prosesi

Bölmə: Siyasət › ,
Tarix: 15:34 10.12.2024

Suriyada 14 ildir davam edən vətəndaş müharibəsi, ölkənin siyasi, iqtisadi və sosial strukturlarını dərin bir şəkildə sarsıdıb. Bu müharibə, Bəşər Əsəd rejiminin devrilməsi ilə yeni bir mərhələyə qədəm qoyub. Əsədin devrilməsi və ölkədəki keçid prosesi, Suriyanın gələcəyini müəyyənləşdirəcək bir çox strateji məsələləri gündəmə gətirib. Bu proses, yalnız Suriyanın daxili siyasətini deyil, həm də regionun və beynəlxalq arenanın dinamikalarını dəyişdirib.

Mövzu ilə bağlı politoloq Natiq Miri “informator.az”a açıqlamasında bildirib ki, Əsədin devrilməsi ilə Suriyada yeni bir keçid hökumətinin yaradılması, təhlükəsizliyin təmin olunması və milli birliyin bərpası kimi mühüm məsələlər ortaya çıxıb:

“Eyni zamanda, müharibənin dağıdıcı təsirləri nəticəsində yaraların sarılması və dağıdılmış şəhərlərin, kəndlərin bərpası kimi ciddi problemlər mövcuddur. Türkiyə və digər regionlardan geri qayıdan suriyalıların yerləşdirilməsi və onlara yardım göstərilməsi də vacib məsələlərdən biridir.
Suriya rejiminin süqutu bir məsələdir, bunu əvəzləyəcək yeni keçid hökumətinin yaradılması, təhlükəsizliyin təmin olunması, milli birliyin təmin olunması kimi strateji məsələlər də var. Eyni zamanda yaraların sarınması kimi çox ciddi problemlər var. Çünki dağıdılmış evlər, şəhərlər, kəndlər mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə və digər regionlardan suriyalılar geriyə, öz vətənlərinə qayıtmağa başlayıblar. Və bu insanları yerləşdirməyə ehtiyac var. Eyni zamanda müəyyən mənada bu insanlara yardım etməyə ehtiyac var. Bununla bağlı təkcə Suriya deyil, bütün Beynəlxalq birliyin əlini daşın altına qoymasına ehtiyac var. Çünki dünənə kimi hər kəs Əsəd rejiminin getməsini istəyirdisə, bu gün bu istək yerinə yetirilib. Ona görə də Suriyada stabilliyin tərəfdarı olan bütün qlobal güclər, bütün dünya və beynəlxalq birlik Suriyaya humanitar yardımları davamlı etməlidir”.


Politoloqun sözlərinə görə, Suriyanın birliyini və bütövlüyünü təmin etmək lazımdır ki, bu kontekstdə də qardaş Türkiyə artıq hərəkətə keçib və fəaliyyətdədir:

“Bütün siyasi və diplomatik danışıqları bu gün Türkiyə aparır. Bu da ondan ötrüdür ki, hər hansı bir terrorçu ünsürlər dağıdıcı ünsür olaraq Suriyada yenidən vəziyyəti qarışdırmasın. Və Türkiyə bəyan edib ki, buna imkan verməyəcək. Bir mənalı olaraq ABŞ rəhbərliyinin diqqətinə çatdırılıb ki, Türkiyə Suriyanın bütövlüyündən yanadır. Suriyanın parçalanmasına imkan verilməyəcək. Buna görə də proseslər yenidir, hansı şəkildə davam edəcək bunu gələcək göstərəcək. Ancaq könül istərdi ki, milli birlik təmin olunsun, müvəqqəti keçid hökuməti stabilliyi təmin etsin, dövlət strukturları, dövlət malı, dövlət müəssisələri qorunsun, mülki insanlara heç bir zərər dəyməsin, hər hansı bir xaos hadisəsi yaşanmasın, terrorçu ünsürlərin aktivləşməyinə imkan verilməsin və tədricən gələcək perspektivdə yeni bir Suriya dövləti onun konstitusiyasının qəbul olunmasını təmin etsin və demokratik seçkilər keçirilsin. Bununla da yeni Suriya dövləti və Suriya hakimiyyəti bərqərar olacaq ki, bundan sonra Beynəlxalq birlik bu hökuməti yeni legitim olaraq tanıyacaq. Hər kəs bu yöndə, bu şüurda, bu fəlsəfədə addım atmalıdır”.


Natiq Miri qeyd edir ki, müxalif qüvvələr Suriyada, yəni Əsəd rejimini qovan qüvvələr bu cür ağıl nümayiş etdirirlər:

“Müxalif qüvvələr hər hansı bir radikal beynəlxalq birliyi qızdıracaq addımlar atmırlar. Və paralel əlbəttə ki, bütün bunlar həm də düşünürəm ki, Türkiyənin məsləhəti ilə baş verir. Çünki Türkiyə də bütün beynəlxalq birliyin bu qüvvələrin terrorçu kimi deyil normal dövlət və hakimiyyət ünsürü kimi qəbul etməsi üçün siyasi və diplomatik danışıqlar aparır. Və bu danışıqlar intensivdir”.


Bu hadisələr ətraf regionda beynəlxalq arenada hansı təsirlər doğuracaq?


“Əsəd rejiminin devrilməsi və Suriyada baş verən bu proseslər əlbəttə ki, bütün regiona, Yaxın Şərqə, hətta digər regionlara da müəyyən mənada təsir edəcək. Ümid edirəm ki, Suriya hadisələri Yaxın Şərq düyününün çözülməsi üçün də müəyyən mənada stimul və açar ola bilər. Doğrudur, İsrailin hələ də işğalçı davranışları davam edir. Çünki bilirik ki, Suriyanın əraziləri olan Golan təpələri zamanında işğal olunub. Və Donald Trumpın birinci prezidentliyi dövründə beynəlxalq hüquq gözardı edilərək İsrail ərazisi kimi tanınıb. Bu beynəlxalq hüquqa zidd davranışdır. Bu azmış kimi indiki hadisələrdən istifadə edərək güya İsrail öz sərhəd təhlükəsizliyini təmin etmək üçün yeni bir bufer zonası yaradıb. Yəni biraz da irəliləyərək Golan təpələrindən şimal istiqamətində yeni ərazilər işğal edib güya təhlükəsizlik zolağı yaradıb. Əlbəttə ki, bu bir işğaldır, qanunsuzdur. Ancaq düşünürəm ki, indiki vəziyyətdə Suriyadakı qüvvələr İsraillə müharibəyə girişməli deyillər. Çünki, Suriyada vəziyyət kövrəkdir. Ona görə də milli birliyi təmin etmək, yaraları sarımaq, tədricən Suriya daxili problemləri həll etmək üçün bu gün Suriya qüvvələrinin yeni bir müharibəyə qətiyyən ehtiyacı yoxdur. Ancaq bu gələcək perspektivdə əlbəttə ki, tanınmış Suriya hökuməti bu əraziləri İsrailə peşkəş etmək istəməyəcək, bunun hesabı sorulacaq. Ancaq bu gün sabitliyi təmin etmək və dövlətin dağılmasının qarşısını almaq, ərazi bütövlüyünü təmin etmək üçün bir çox ciddi fəaliyyətlərə ehtiyac var ki, bütün qüvvələr buna köklənməlidir. Və qardaş Türkiyə də bu kontekstdə avanqard bir ölkə kimi çıxış edir”.

Türkanə Meşədiyeva