İsrailin Golan Təpəliklərindəki irəliləməsi: Siyasi boşluq və strateji məqsədlər

Bölmə: Siyasət › ,
Tarix: 20:21 10.12.2024

Politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin Golan Təpəlikləri ərazisində irəliləməsi hazırda Suriyada yaranmış hökumət boşluğu ilə əlaqədardır:

“Hazırkı vəziyyətdə yeni hakimiyyətin necə olacağı sual altındadır. İsrail üçün ‘vəd edilmiş torpaq’ anlayışı mövcuddur. Bununla bağlı mətbuatda, elmi və dini ədəbiyyatlarda məlumat tapmaq mümkündür. İsrail, həmin torpaqların ərazisinə daxil olduğunu iddia edir və yaranmış fürsətdən maksimum istifadə etməyə çalışır. Golan Təpəlikləri regional təhlükəsizlik baxımından olduqca önəmli bir ərazidir. Burada baş verə biləcək yeni silahlı qarşıdurma vəziyyəti daha da ağırlaşdıra bilər".


Samir Hümbətovun fikrincə, İsrailin bu addımları İran və Rusiyanın Suriyadan çəkilməsi ilə də bağlıdır:

“İsrail bu ərazilərdə möhkəmlənməklə gələcəkdə müharibə riski yaranarsa, danışıqlar üçün strateji üstünlük əldə edə bilər. Yeni Suriya hökuməti ilə İsrail arasındakı münasibətlərin necə formalaşacağı və bu münasibətlərin hansı nəticələrə səbəb olacağı hələlik məlum deyil".

Xanım Ağamalıyeva