"Türkiyə XİN İsrailin Suriyada Atdığı Addımlara Kəskin Reaksiya Verdi"

Bölmə: Siyasət › ,
Tarix: 22:23 10.12.2024

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsini pozaraq Suriya ərazisinə daxil olmasını və bu ölkənin ərazisində irəliləməsini sərt şəkildə qınayıb. Nazirliyin yaydığı bəyanatda bu hərəkətin bölgədəki mövcud gərginliyi daha da artıracağı və sülh proseslərinə mənfi təsir göstərəcəyi vurğulanıb. İsrailin bu addımı regional təhlükəsizliyə necə təsir edəcək və beynəlxalq ictimaiyyət bu məsələyə hansı reaksiya verəcək?

Mövzu ilə bağlı informator.az-a açıqlamasında politoloq Turan Rzayev qeyd edir ki, Suriyada baş verən hadisələrdə heç bir ölkə haqlı və ya birmənalı olaraq haqsız deyil:

"Məsələ ondan ibarətdir ki, Suriyada mərkəzi hakimiyyət yoxdur. Bəşər Əsədin hakimiyyətinin devrilməsi fonunda da hakimiyyət tam bərpa olunub demək olmaz. Əslində Əsəd özü özlüyündə bir güc olsa da, onun bu gücü məhdud səviyyədədir. Və onun devrilməsi fonunda güc boşluğu yarandı. Bu boşluqdan istifadə etməyə çalışan həm daxildəki etnik, dini, silahlı birləşmələr, həm də onları dəstəkləyən böyük güclər var. Aydın məsələdir ki, müxalifət iqtidarı ələ keçirib və hazırda keçid hökumətinin necə olacağı, nələrin baş verəcəyini söyləmək doğru olmaz. Mən düşünmürəm ki, keçid hökuməti ilkin andan tam mərkəzləşmiş hakimiyyəti bərqərar etsin. Bunun ən mühüm səbəbi Suriyanın şimal-şərqindəki kürd nüfuzudur. Digər qüvvələr də var ki, mərkəzi hakimiyyətin əleyhinə fəaliyyət göstərir. O ki, qaldı Türkiyə XİN-in açıqlamasına, məsələ burasındadır ki, bu işlərin pərdə arxasında elə Türkiyə özü var. Hər nə qədər müxalifət Əsədi devirsə də, faktiki olaraq Türkiyənin dəstəyi ilə bunu bacardı. Bu da onu deməyə əsas verir ki, Türkiyə özü Suriyanın daxili işlərinə müdaxilə edərək vəziyyəti lehinə çevirdi. Bugünkü müxalifət Türkiyənin dəstəyi ilə iqtidara gəlib. Bu qədər planlı hərəkət arxada bir gücün olduğunu göstərir. İsrail Türkiyəni, Türkiyə İsraili ittiham etsə də, hər iki ölkə Suriyada əməliyyatlardadır. İsrail bu gün Suriyanın cənubunda əməliyyatlar həyata keçirir. Həm Qolan təpələrində, həm də neytral bufer zona adlandırdığımız bölgədə nəzarəti ələ keçirir. Hər iki ölkənin nə etmək istədiyinə nəzər salmaq lazımdır. Məsələn, Türkiyə Suriyada Ankara ilə dost, ona sadiq olan aşirətin qurulmasını istəyir. Həmçinin Türkiyə Suriyada bir nüfuza sahib olmağı hədəfləyir. İsrail isə Türkiyə ilə əməkdaşlıq içində olan Suriyanı arzulamır və bunu özü üçün təhdid hesab edir. Buna görə də düşünürəm ki, bunun üçün müqavimət göstərəcək.
Hazırda cənubda gedən əməliyyatların məqsədinin İsrailin unitar dövlətdən federativ dövlətə keçid təzyiqi olduğunu düşünürəm. İsrail bu gedişi edərək Suriyanın federal olmasını tələb edəcək. Bununla da şimal-şərqdə kürdlərə və cənubdakı druzilərə muxtariyyət verilməsini istəyir. Onu da qeyd edim ki, bu druzilər şiəlik məzhəbinin İsmaili qolundan törəyib, amma tamamilə şiəlikdən uzaqlaşmış bir qrupdur. İsrail də dünyada druziləri qoruyan böyük güclərdən biridir. Druzilər özləri Suriyada, Fələstində, İordaniyada və İsraildə yaşayırlar. İsraildəki druzilərin fərqi ondan ibarətdir ki, onlar daha siyasi təşkilatlanıblar, silahlı qruplaşmaları var və hətta İsrail ordusunun ən elit birliklərindən biri druzi birlikləridir. Olduqca döyüşkən xalqdırlar.
İsrailin kürd və druzi muxtariyyəti yaratmaq istəyini müqayisə üçün Səddam Hüseynin İraqda kürd muxtariyyətinin yaradılmasına bənzətmək olar. Hesab edirəm ki, bu plan Suriyanın həm parçalanması, həm də ehtimal olunan Türkiyə ittifaqı ilə mübarizə aparmaq üçün bir variantdır”.


Zəhra Məmmədova