İsrailin Suriya hücumları- Strateji Hədəflər

Bölmə: Siyasət › ,
Tarix: 19:39 11.12.2024

Son günlərdə İsrailin Suriya ərazisindəki strateji obyektlərə, xüsusilə Laziqiyə limanı və Kamışlı hava bazasına hücumları regionda gərginliyi artırıb.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az”a açıqlamasında hücumların arxasında duran əsas məqsədlər və onların geosiyasi təsirləri barədə danışıb:

“İsrailin Suriya ərazisinə, xüsusən də Dəməşqdə bir çox vacib obyektləri, o cümlədən məxfi məlumatların saxlandığı qurumları hədəf alması belə ehtimalları gücləndirir ki, Bəşər Əsəd rejimi nə qədər İsraillə düşmən olduğunu göstərməyə çalışsa da, iki tərəf arasında müəyyən əlaqələr olub. Bu əlaqələrin üzə çıxmaması üçün həmin məlumatların məhv edilməsi vacib hesab olunub.

İsrailin Laziqiyə və Kamışlıya qədər ərazilərdə bəzi obyektləri vurması da onu göstərməyə hesablanıb ki, İsrail hazırda Suriyada daha dominant rolda olduğunu nümayiş etdirir. Təbii ki, bu da bölgənin digər ölkələri üçün ciddi narahatlıqlar yaradır. İsrailin bu cür davranışları, xüsusilə Suriya ərazilərinin bir hissəsini işğal etməsi və müxtəlif yerləri bombardman etməsi, İsraillə region ölkələri arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Bu isə bölgədə və Suriyada normal hökumətin qurulmasına mane olan səbəblərdən biri hesab edilə bilər".

Politoloq Golan təpələri məsələsinə də aydınlıq gətirib:

“Golan təpələrinin işğalı Suriyada qurulan yeni hökumətin buna münasibətinin necə olacağı da maraq doğurur. Bu məsələ gələcəkdə Suriya və İsrail arasında müəyyən gərginliklərə yol açacaq".

 

Xanım Ağamalıyeva