“Əsəd devrildi və müharibə məntiqi sonluğuna çatdı”
Bölmə: Siyasət › ,Tarix: 19:55 11.12.2024
Suriyada baş verənlər təkcə həmin ölkəyə deyil, bir çox ölkələrə təsirsiz ötüşmədi. Bu, hazırda gündəmin ən aktual mövzusu olaraq qalır və Bəşər Əsədin qaçışından sonrakı dövr beynimizdə bir çox sual yaradır. Məsələn, HTŞ-nin qısa müddət ərzində bu qədər sürətli irəliləməsi Suriya ordusunun zəifliyindənmi qaynaqlanır, yoxsa beynəlxalq dəstəyin azalmasından?
Mövzu ilə bağlı siyasi şərhçi, analitik Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, bu, əslində tamamilə qlobal qarşıdurmalardan yaranan yeni geosiyasi reallıqlar fonunda baş verib:
“Biz əvvəlcə məsələyə bu aspektdən baxmalıyıq ki, HTŞ birləşməsi – yəni Dəməşqin azadlıq hərəkatı – uzun müddətdir devrilə bilməyən Əsəd rejimini qısa müddətdə devirməyi bacardı. Bu, tamamilə qlobal qarşıdurmalardan yaranan yeni geosiyasi reallıqlar fonunda baş verdi. Amma biz heç iddia edə bilmərik ki, bunun səbəbi Əsəd rejiminə olan beynəlxalq dəstəyin azalmasıdır. Çünki Əsəd rejimini beynəlxalq dəstək kimi adlandırmaq doğru deyil. Dünya dövlətlərinin, xüsusilə, Yaxın Şərqdə mövqe bildirənlərin böyük əksəriyyəti Əsəd rejimini dəstəkləmirdi. Bu rejimi dəstəkləyən dövlətlər arasında sadəcə Rusiya, İran, bu qəbilədən olan terror təşkilatları və digər silahlı qrupları nümunə göstərə bilərik ki, bu da beynəlxalq anlayışı ehtiva etmir. Nəticədə beynəlxalq aləmdən özünü təcrid edən Əsəd rejimi bunun bədəlini məğlubiyyətlə ödədi və hətta Bəşər Əsəd ölkədən qaçdı”.
Politoloqun fikirincə, Rusiya artıq bataqlığa doğru irəliləyir:
“Əsəd rejimini müdafiə edən Rusiya və İran kimi əsas güclər elə bir zamana yetişdi ki, artıq öz işlərinə başları qarışdı.
Rusiya Ukraynada bir bataqlığa çəkildi, yəni Qərbin hazırladığı bir oyuna düşdü. Təbii ki, Rusiya Ukraynanın müəyyən ərazilərini işğal etməsinə baxmayaraq geosiyasi və strateji baxımdan mövzunu nəzərdən keçirəndə artıq Rusiyanın Afrikada əvvəlki kimi mübarizə apara bilmədiyi sübut olundu. Bundan əlavə, Rusiya Sakit Okean və Uzaq Şərq siyasətində də aktiv deyil. Orada artıq müəyyən üstünlüyü ABŞ və Çinə uduzmaqdadır. Rusiya Qafqazdakı siyasətində də iflasa uğradı. Xüsusilə, 2020-ci il Vətən Müharibəsindən sonra Azərbaycan və Türkiyə bu məsələdə əsas faktorlar kimi çıxış etdilər. Belə olduğu halda Rusiya tərəfi Əsəd rejimini dəstəkləməyin böyük güc və vaxt itkisi tələb edəcəyini anlayaraq bu mövzuda maraqlı olmadı. İran isə daxili problemlərini həll edə bilmir. Dövlətin sosial bazası tamamilə çökmüş vəziyyətdədir, rejim hər an daxildən zərbə gözləyir. Bu səbəbdən İran xaricdə böyük qüvvə saxlaya bilmir, çünki bu, ölkə daxilində baş verə biləcək qarşıdurmalar zamanı rejimin çökməsi ilə nəticələnə bilər. Bundan başqa, Hizbullahın İsrail tərəfindən ağır zərbələr alması, Həmasın İran meyilli liderlərinin aradan götürülməsi, Həmasın Qəzzada aldığı ağır zərbələr və İraqda baş verən geosiyasi dəyişikliklər İranı artıq Suriya siyasətindən çəkindirməyə vadar etdi. İran Rusiyaya arxalanaraq Suriyaya dəstək verirdi. Rusiyanın bu dəstək mövzusunda geri çəkilməsi ilə İran da dəstəkdən qaçmağa başladı”.
Politoloq Suriyadakı hadislərin gedişatından da danışıb:
“Artıq Suriyada birinci müharibə bitdi. Yəni birinci Suriya müharibəsini biz Əsədlə müxalifət arasında gördük. Əsəd devrildi və bu müharibə məntiqi sonluğuna çatdı. Lakin bir müddət sonra yeni bir müharibə, yəni ikinci Suriya müharibəsi baş verəcək. Bu müharibə Suriyadakı silahlı qruplar arasında olacaq, amma əsas faktorlar silahlı qruplar deyil, onları dəstəkləyən dövlətlərin maraqlarıdır.
Məsələn: YPG və PKK: ABŞ-dan və qismən Rusiya ilə İrandan aldıqları dəstəklə Suriyada öz maraqlarını qorumağa, qondarma dövlət qurmağa çalışacaq”.
“Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu: PKK və YPG-ni təmizləməyə, vahid dövlət və mərkəzi hakimiyyət sistemini bərpa etməyə çalışacaq. ABŞ və İsrail dəstəklədiyi qruplaşmalar öz maraqları uğrunda fəaliyyət göstərəcəklər. Belə bir reallıqda bütün qrupların ortaq məxrəcə gəlməsi və vahid Suriya mövqeyindən çıxış etməsi indiki məqamda qeyri-mümkün görünür. Bu da gələcəkdə yeni və daha ciddi münaqişənin başlanacağını göstərir”, - deyə o, fikirlərini yekunlaşdırıb.
Mahmud Əskərli