İrəvanın Revanş Planları və Konstitusiyadakı Ziddiyyətlər
Bölmə: Siyasət › ,Tarix: 22:15 12.12.2024
Ermənistan-Azərbaycan münasibətləri bölgənin gələcəyi üçün həlledici bir mərhələyə qədəm qoyub. Sülh gündəliyinin müzakirə olunduğu bir vaxtda İrəvanın hərəkətləri və konstitusiyasındakı dəyişikliklərin olmaması ciddi suallar doğurur. Ermənistan sülh istədiyini bəyan etsə də, təxribatçı addımları və mümkün revanşist planları bu bəyanatlarla ziddiyyət təşkil edir. Əgər Ermənistan sülh istəyirsə, niyə konstitusiyasında dəyişiklik etmir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tural İrfan qeyd edir ki, Ermənistan erməni xislətinə sadiq qalaraq üzdə bir cür, arxada isə başqa cür siyasət aparır və bəyanatlarının qeyri-dəqiq olduğu aydın olur:
"Sanki iki Ermənistan var: biri sülh istəyən, buna hazırlaşan, müstəqil siyasət yürütməyə cəhd edən; biri də revanşizmə çalışan, Fransa və Hindistandan silah alan, konstitusiyasında Azərbaycana qarşı torpaq iddialarından vaz keçməyən...
Ermənistanın siyasi kursunu bu ölkənin başındakılar müəyyən etmir. İran, Fransa və ABŞ-ın böyük təsirləri var, hətta bu maraqlar bəzən toqquşur. Nəticədə Ermənistanın mövzu barədə aydın mövqeyi bəlli olmur. Ermənistan ara-sıra sülhdən danışır, razılaşdıqlarını bəyan edir, lakin digər tərəfdən Avropa müşahidə komissiyası adı altında Fransa kəşfiyyatını və agenturasını sərhəddə gətirir. Hindistan, Fransa və İrandan ağır silahlar qəbul edir və konstitusiyasındakı müvafiq bəndlərdə dəyişiklik etmək istəmir. Çünki Fransa regionda yeni savaş istəyir. Ermənistanın daxilində, hətta hakimiyyətin öz içində fərqli qruplar var və bunların təsiri müxtəlifdir. Uzun müddət Rusiya təsirində olan bir ölkədə Rusiyanın saysız-hesabsız agentura şəbəkələri və təsir rıçaqları mövcuddur. Həmçinin Qərb ölkələrinin, hətta ərəb ölkələrinin də maraqları var. Suriyanın keçmiş Əsəd rejimi və Livan ilə Ermənistanın münasibətləri Qərbin tövsiyəsi ilə Türkiyə və Azərbaycana qarşı mövcud olan terror təşkilatlarının fəaliyyəti ilə bağlıdır. Ermənistanın müxtəlif dövrlərdə Asala və PKK kimi terror təşkilatlarından istifadə etməsidə sirr deyil. Onun fikrincə, Fransa kimi ölkələrin Cənubi Qafqazla bağlı mənfur layihələri Ermənistanın qərarlarını diktə edir.
Ermənistanı bir çox dövlət alət, maşa və terror təlim düşərgəsi kimi istifadə edib. İndi Ermənistan birdən sülh bağlamaq istəyəndə həmin güclər Ermənistanın özünü terrorla təhdid edirlər”.
Politoloq vurğulayır ki, Ermənistan hakimiyyəti özündə cəsarət tapıb nala-mıxa vurmaqdan əl çəkməli və Azərbaycanın tələblərini icra etməlidir:
“Əgər sülh müqaviləsi olmasa, Zəngəzur dəhlizinin istənilən yolla açılması aktuallaşacaq. Şübhəsiz ki, sülh olsa, bu dəhliz də razılıq yolu ilə açılar. Yox, əgər Ermənistan sülhdən imtina etsə və revanşa cəhd etsə, bu zaman ümumiyyətlə Zəngəzura nəzarəti də itirə bilər. Ermənistanı revanşist cəhdlərə təhrik edən Fransa, İran və Hindistan əslində Ermənistanın yox, öz maraqlarını güdür. Azərbaycanın qətiyyətli və dinamik xarici siyasəti sayəsində Ermənistan ilə münasibətlərdəki bütün maneələrin aradan qaldırılacağı və sülhün əldə olunacağı ehtimalı yüksəkdir" .
Zəhra Məmmədova