Sülh müqaviləsi ləngiyə bilər?-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:12 16.12.2024

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülhün yaxınlığından danışıb. Daha sonra prezidentin köməkçisi Hikmət Hacıyev iki dövlət arasında sülh prosesinin rutin xarakter aldığını, müharibə faktorunun bitdiyini və danışıqların davam etdiyini bildirib. 

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması kifayət qədər yaxındır, amma bu daha çox Ermənistana edilən təsirlərdən və beynəlxalq şəraitdən asılıdır: 

 

"Azərbaycan Ermənistan arasında təbii ki, sülh müqaviləsi üzərində işlər təxminən 90% yekunlaşıb və artıq hər iki tərəf 17 maddədən 15-nin razılaşdırıldığını təsdiq edib. Amma nəzərə alsaq ki, qalan bir neçə bənd üzərində məsələlər mürəkkəbdir, xüsusilə də, Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı məsələ Ermənistan tərəfindən yubadılmaqdadır. Bu onu deməyə əsas verir ki, sülh prosesi xeyli yubanacaq və nəzərə alsaq ki, bölgədə marağı olan digər beynəlxalq aktorlar da əslində, əksəriyyəti, xüsusilə də, söhbət qərb ölkələri və digərlərindən gedir. Onlar bölgədə sülhün yaranmasında maraqlı deyillər və Ermənistanı revanşa təşviq edirlər, sürətlə silahlandırırlar. Onu qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması kifayət qədər yaxındır, amma bu daha çox Ermənistana edilən təsirlərdən asılı olacaq və təbii ki, beynəlxalq şəraitdən. Əgər buna uyğun olacaqsa Ermənistan sülh müqaviləsini imzalamaq məcburiyyətində qalacaq".

 

Politoloq bu məsələdə Türkiyənin maraqlarından da danışıb:

 

"Amma nəzəri baxımdan götürsək ki, Ermənistan konstitusiyasında dəyişiklərlə bağlı referandum keçirilməsinə hökumət isti yanaşmır və belə bir referendumun 2027-ci ildən tez olmayacağını bəyan edir, o zaman bu o deməkdir ki, sülh müqaviləsi ləngiyə bilər. Türkiyənin bu proseslərdə roluna gəlsək, təbii ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səmimi şəkildə istəyir və beynəlxalq aktorlar içində bəlkə də Türkiyə yeganə ölkədir ki, həqiqətəndə Cənubi Qafqazda sülhün olmasında maraqlıdır. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, o zaman bölgəyə sabitlik gələcək, kommunikasiyalar açılacaq, bu da digər ölkələrin, o cümlədən, Türkiyənin də maraqlarına uyğun olacaq".

 

Günel Verdiyeva