ABŞ və İsrailin yeni planları nələrdir ?

Bölmə: Siyasət › ,
Tarix: 22:39 16.12.2024

Hazırda İran hakimiyyətindəki daxili gərginliklər və beynəlxalq təzyiqlər bölgədəki siyasi dinamikaları daha da mürəkkəbləşdirib. ABŞ və İsrailin İranın nüvə proqramı, insan haqları pozuntuları və regional güc balansına təsiri ilə bağlı yeni strategiyalar hazırladığı barədə iddialar geniş müzakirələrə səbəb olur. Tehranın daxili siyasi vəziyyəti və beynəlxalq arenadakı mövqeyi, növbəti mərhələdə hansı dəyişikliklərin baş verə biləcəyinə dair ciddi suallar doğurur.

 

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli qeyd edir ki, hazırda İran hakimiyyətinin durumunun neqativ məzmun daşıdığını iddia etmək olar:

 

"Çünki İranın Suriyadakı planları pozuldu. İranın dəstəklədiyi Əsəd rejimi tamamilə devrildi. Bununla da İranın Suriyadakı təsir mexanizmləri puça çıxdı, aradan qalxdı. Təbii ki, bu, İranın Yaxın Şərqdəki mövqelərini daha da zəiflətdi. Çünki Əsəd rejiminin devrilməsinə qədər də İran Hizbullah və Həmasa qarşı hərbi əməliyyatlara təşəbbüs göstərib. Bu baxımdan İranın Yaxın Şərqdə proksi qüvvələri əhəmiyyətini itirdi. Öz növbəsində bu proses İranın oyundan kənar qalması ilə nəticələndi. Yürütdüyü regional siyasət hazırda ciddi problemlərlə üzləşir və bu, İranın xarici siyasət prioritetlərində də neqativ nəticələr vəd edir. Bunu da nəzərə almaq lazımdır ki, İranın regional oyunçu kimi zəifləməsi həm ABŞ-nin, həm də İsrailin maraqlarına cavab verir. ABŞ və İsrail hazırkı situasiyada İranın küncə sıxışdırılmasına maraqlı olduqlarını qətiyyən gizlətmirlər. ABŞ-nin İran barədə planları haqqında danışmaq isə hələ tezdir. Hətta ABŞ-nin yeni prezidenti Tramp belə bir açıqlama verib ki, ABŞ və İran arasında hərbi toqquşmalar istisna deyil. İran barədə müəyyən planların olduğunu düşünmək olar, lakin onların hansı məzmun daşıdığından danışmaq bir qədər tezdir. Çünki ümumi situasiyanın aydınlaşması üçün Tramp administrasiyasının səlahiyyətlərinin icrasına başlamasını gözləmək lazımdır".

 

Zəhra Məmmədova