İran hakimiyyətinin çökməsi kimlərə fayda verir ?
Bölmə: Siyasət › ,Tarix: 22:33 17.12.2024
Son illərdə İran hakimiyyətinə qarşı daxili və xarici təzyiqlər artmaqdadır. Sanksiyalar, iqtisadi böhran və ictimai narazılıq Tehranın mövqeyini zəiflədib. Lakin İran rejiminin zəifləməsi və ya çökməsi sadəcə daxili faktorlarla bağlı deyil. Bu prosesin kimlərə faydalı olacağı və hansı maraq qruplarının belə bir nəticə arzuladığı beynəlxalq siyasətin ən mübahisəli mövzularından biridir.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Əli Zülfüqaroğlu qeyd edir ki, İran hökumətinin yürütdüyü siyasət xüsusilə Yaxın Şərqdə İsrail və ABŞ-ın maraqlarına uyğun deyil:
"İran hökumətinə qarşı sanksiyalar daha da sərtləşdirilirdi. Bu isə təbii ki, İranın maraqlarına zərbə vururdu. Məsud Pezeşkian prezident seçildikdən sonra verdiyi mesajlar əsasında bildirdi ki, müxtəlif ölkələrlə, xüsusilə Qərblə münasibətləri normallaşdırmağa maraqlıdır. Bu isə İsrailin dövlət maraqlarına cavab vermirdi, çünki İsrail çalışırdı ki, ABŞ və İran münasibətləri gərgin olsun. Həm İsrailin Hizbullaha qarşı keçirdiyi əməliyyatlar, həm də Əsəd hakimiyyətinin devrilməsi Suriyada İranın varlığına böyük ölçüdə son qoydu. Bununla da İranın Hizbullahla birbaşa əlaqəsi kəsildi. İranın bu günə qədər öz təhlükəsizliyini qorumaq üçün yürütdüyü strateji plan sıradan çıxdı. İran hesab edirdi ki, ona qarşı təhdidlər Livanda və Suriyada İsrailə qarşı yürüdülən proksi qüvvələr vasitəsilə yüngülləşdirilə bilər. Amma aydındır ki, İran əvvəlki kimi Suriyada fəaliyyət göstərə bilməyəcək. Bu isə İranı çıxılmaz, çətin vəziyyətdə qoyur. Eynilə, İranın daxilində də bir sıra problemlər mövcuddur. İstər etnik, istərsə də sosial-iqtisadi cəhətdən problemlər kifayət qədərdir. İranın daxilində ona qarşı olan addımlar, xüsusilə Həmasın siyasi qanadının lideri Hamiyənin Tehranda öldürülməsi İranın imicinə ciddi zərbə vurdu. İran hökumətinin sarsılması, devrilməsi xüsusilə Qərbin marağındadır. İran hökuməti ilə bağlı konkret fikri biz Tramp administrasiyasının səlahiyyətlərinin icrasına başlamasından sonra müəyyən edə bilərik. Amma hazırda ABŞ-ın İrana qarşı siyasətdə qeyri-müəyyənliyi İran üçün kifayət qədər təhdid edici faktordur" .
Məmmədova Zəhra