2025-ci ilin yanvarında Tramp administrasiyası hakimiyyətə başlayır
Bölmə: Siyasət › ,Tarix: 21:24 18.12.2024
Onun hakimiyyətə gəlişi ilə dünya arenasında bəzi dəyişikliklərin olacağı düşünülür. Trampın hakimiyyətə gəlişi Cənubi Qafqaza da təsir edəcək.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Natiq Miri bildirib ki, əgər Tramp ciddi mənada Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəyərsə və bu yöndə ciddi bir fəaliyyət ortada olarsa, Ermənistan Azərbaycanın bütün tələblərini qəbul edəcək və Tramp bilsə ki, bu sülh müqaviləsi yaxın və mümkündür əlbəttə ki, bunun öz administrasiyası dönəmində əldə olunacaq bir uğur kimi təqdim edə bilər:
“Donald Trampın fəlsəfəsi öncə ABŞ fəlsəfəsidir və bu kontekstdə Bayden administrasiyasından fərqli olaraq özündən kənarda olan bir çox güc mərkəzlərini, regional oyunçuları boş yerə “yemləmək”istəmir. Bu baxımdan Cənubi Qafqazda Tramp üçün prioritet məsələ deyil. Ancaq təbii ki, ABŞ da maraqları olduğu bəzi geosiyasi layihələrdə ABŞ öz planını və iddiasını ortaya qoya bilər. Çünki Donald Trampın hələ birinci hakimiyyəti dönəmində orta dəhliz- ABŞ-nin Avropadan başlayan və Mərkəzi Asiyaya çıxacaq bir dəhlizlə bağlı planları var idi. Bunu ‘’Con Bolton planı’’ adlandırırdılar. Ola bilsin ki, indiki vəziyyətdə gündəmi məşğul edən Zəngəzur dəhlizi məsələsi yenidən gündəmə gətirilsin. Bu baxımdan düşünürəm ki, Tramp administrasiyasının maraq dairəsinə girə bilər. Ancaq bütövlükdə Cənubi Qafqaza, xüsusilə də, Ermənistan kimi dilənçi dövlətlərə yenidən maliyyə yardımı ayırmaq kimi siyasətin prioritet olacağını qətiyyən düşünmürəm. Ancaq hər bir halda Cənubi Qafqazda münaqişələrin çözülməsində Donald Tramp administrasiyası maraqlı olacaq”.
“Bayden administrasiyası gedən vaxtda Azərbaycan və Ermənistan arasında Ermənistanın maraqlarına uyğun olan sülh razılaşması əldə etmək istəyir ki, bu da hələlik mümkünsüz görünür. Çünki Azərbaycanın konkret tələbləri, şərtləri var və bunlarda təbiidir. Çünki Ermənistan etimad göstərəcək bir tərəf deyil. Bu baxımdan Azərbaycan özünü hüquqi təminata almaq istəyir. Ona görə də Azərbaycanın konstitusiyanın dəyişdirilməsi kimi çox ciddi istəkləri var. Nikol Paşinyan bu məsələdə dirənir və Bayden administrasiyasının yanvarın 20-nə qədər vaxtının məhdud olduğunu da düşünsək, bu zaman çərçivəsində sülhün əldə olunacağı çoxda ehtimal olunmur. Bu baxımdan belə bir sülh müqaviləsinin imzalanmasını da öz Donald Tramp öz hesabına yazmaq istəyər. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı Donald Trampın konkret fəaliyyət planı ola bilər. Bürokratların bu yöndə Donald Trampa müəyyən məsləhətləri verəcəyi istisna deyil. Makronun əlbəttə ki, ABŞ-nin ciddi dəstəyi olmadan Cənubi Qafqazda, xüsusilə də, Azərbaycanı və Gürcüstanı itirmişkən burada möhkəmlənməsi mümkün olmayacaq. Çünki buna gücü çatmaz. Bunu Ermənistanla etmək imkanları da mövcud deyil. Makronun bundan artığını da etməyə gücü çatmaz. O baxımdan Makronun Cənubi Qafqazda təsirləri zəifləyəcək. Aranı qarışdırmaq üçün əlbəttə Fransa Makron gedənə qədər Ermənistanı silahlandırmağa, ordusuna təlim keçməyə çalışacaq. Ancaq Makronun hansısa ciddi uğurlar əldə edəcəyi gözlənilmir. Çünki bu uğursuz bir layihədir. Artıq 2027-2028-ci ilə qədər Makronun özünü də yola salacaqlar. Təbii ki, o vaxta qədər Makronun özünə parlamentdə etimadsızlıq göstərilməsə. Çünki ilk hökumətin istefası təmin olundu. Yeni baş nazir təyin edildi, amma bunun nə qədər uğurlu olacağı bəlli deyil”.
Günel Verdiyeva