Zaxarova Ermənistanın siyasətini tənqid etdi

Bölmə: Siyasət › ,
Tarix: 21:24 18.12.2024

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 18-də keçirdiyi brifinqdə erməni jurnalistin sualına sərt reaksiya verib. Jurnalist Fransa prezidenti Emmanuel Makronun Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanın İrəvana giriş qadağasını ləğv etdirə bilməsi, lakin Moskvanın erməni əsilli Rusiya vətəndaşlarına qarşı analoji qadağaları aradan qaldıra bilməməsi barədə sual ünvanlamışdı. Zaxarova isə cavabında Ermənistan hökumətinin qərarlarının məsuliyyətinə işarə edərək, “Bu, bizim qərarımız deyil, qarşı tərəfin qərarıdır. Niyə bu sualı bizə verirsiniz? Biz bu sualı Ermənistan tərəfinin qarşısına qoyacağıq. Amma sizdən soruşmaq istəyirəm: niyə analoji vəziyyətlərdə digər ölkələr üçün qadağalar götürülür? Bu, ikili standartların və seqreqasiyanın təzahürü deyilmi?” deyə bildirib.

 

Siyasi şərhçi Tural İrfan "İnformator.az" a müsahibəsində mövzuya münasibətini bildirib:

 

"Rusiya hazırda Ukraynada müharibənin ən həlledici dövrünü yaşayır və Ermənistan ilə həlledici proqramını ikinci mərhələyə saxlayır. Ona görə hələlik əlavə gərginlik yaratmamaq üçün özünü mübahisəli məsələlərdən sovuşdurur. Bu da Ermənistanın Qərbə meylli görkəminə bir qədər Rusiyadan ayrı siyasət yürüdürmüş kimi cilalar qatır. Paşinyan hökuməti Rusiyanı təcrid edirmiş kimi görünür ki, Qərbdən, əsasən Fransa və ABŞ-dən bəhrələnsin. Lakin Rusiya ilə həlledici və strateji mövzularda açıq üzləşməkdən yayınır. Zaxarovanın demək istədiyi budur ki, Ermənistandakı Rusiya yönlü təbəqə de-fakto seqraqasiyaya uğrayıb, onlara qarşı məhz Rusiyaya görə ayrı-seçkilik mövcuddur. Eyni zamanda Qərb yönümlü Ermənistan hakimiyyəti Rusiya və Qərb seçimində ikili standartlar tətbiq edir.

Reallıqda isə ermən əsilli Rusiya jurnalistlərinin Ermənistana buraxılmasında Rusiya maraqlı deyil. Burada əsas maraqlı olan Fransadır. Onun məqsədi isə Ermənistan naminə yox, öz maraqları üçün əsasən Türkiyə və Azərbaycan əleyhinə bölgədə qarışıqlıq yaratmaq üçün bəhanələr axtarışıdır. Ermənistanın bəzi qərarları şübhəsiz, Rusiyanın səthi maraqlarına toxunur. Ancaq Rusiya radikal davranmır və Ermənistan ilə münasibətlərdəki normal görüntünü qoruyur. Çünki gərginlik yaratması birbaşa Qərbə, ABŞ - yə xidmət edəcək. Eyni zamanda Ermənistanın addımları Rusiya əleyhinə çox da ciddi xarakter daşımadığı üçün Ukrayna cəbhəsindən başqa səmtə yayınmaq istəmir. Əslində Suriyadan asanlıqla çəkilməsinin də bir səbəbi bu idi. Böyük müharibə edən bir ölkəyə qarşı ikinci, üçüncü cəbhə açaraq zəiflətmək istəyirlərsə şübhəsiz ki, onun ən ağıllı qərarı, lap maddi maraqlarının ziyanına olsa da helə təxribat tələsinə düşməməkdir. Rusiya sanki Ermənistanı sonraya saxlayır. Qərblə hara qədər gedəcəyini səbrlə gözləyir və əsas hədəfin tam aşkar olmasını izləyir.

Zaxarovanın dediyi "bu bizim qərarımız deyil, qarşı tərəfindir" cümləsi Rusiyanın bütün region ölkələrinin qərarlarına dözümlü yanaşmasını, sanki Ermənistanın da qərarlarını nəzərə aldığını göstərmək üçün deyilib. Həm də məsələnin kökünün Ermənistandan qaynaqlandığını ifadə edərək hədəf kimi Paşinyan hökumətini göstərib.

İkili standartlara hazırda Ermənistan daha çox yer verir. Azərbaycan ilə arasında bağlanmalı olan sülh müqaviləsi məsələsinin ləngidilməsi yalnız Fransanın Ermənistanı revanşa hazırlaması üçün buraxılan zaman fasiləsidir. Düşünürlər ki, Rusiya da Ukrayna savaşında zəifləyə yaxud çökə bilər, Ermənistana da silah tədarükü görürlər. Bax bu ikili standartlardır. Üzdə bir söz deyib, altda başqa tədbir görməklə Qərb və Rusiya arasında oynamaqla Ermənistan sonda ağır vəziyyətdə qalacaq. Ermənistan hakimiyyəti siyasi tarazlığı elə tərzdə saxlamaq istəyir ki, tərəzi hansı tərəfə əyilsə həmin tərəfə meyl etsinlər. Qərb ya Rusiya. Bunu Rusiya da bilir ki, Ermənistan Qərbə səmimi olaraq yaxınlaşmır. Əgər ciddi problemlər ehtimal etsə Gürcüstan və Ukrayna durumu Ermənistan üçün də xarakterik ola bilər".

 

Xanım Ağamalıyeva