“Ermənistanın dəhlizi açmamasının səbəbi öz potensialına arxayınlıq deyil, qərbin dəstəyinə arxayınlıqdır”

Bölmə: Siyasət › ,
Tarix: 20:36 19.12.2024

“Ermənistanın dəhlizi açmamasının səbəbi öz potensialına arxayınlıq deyil, qərbin dəstəyinə arxayınlıqdır”

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib ki, Zəngəzur dəhlizi ifadəsi ilə bağlı onu deyə bilərəm ki, belə bir şey olmayacaq. Türkiyə parlamentinin sədri Numan Kurtulmuş isə deyib ki, Zəngəzur dəhlizi əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq. Türkiyə qətiyyətlə dəhlizin açılacağını vurğuladığı halda, Ermənistan bunu inkar edir.


Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Ermənistanın Zəngəzur dəhlizini açmamasının səbəbi öz potensialına arxayınlıq deyil, qərbin dəstəyinə arxayınlıqdır:

 

“Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələr Ermənistan üzərində təzyiqini artıra bilər və bu halda Zəngəzur dəhlizinin açılma perspektivi kifayət qədər yüksəkdir. Ermənistan sülh danışıqları prosesində imitasiya xarakterli görüşləri davam etdirir və Azərbaycana qarşı yeni və absurd şərtlərlə çıxış edir. Məqsəd Fransa başda olmaqla, qərbin diktəsini həyata keçirmək və beləliklə də, sülh sazişini imzalamamaqla revanşist niyyətlərini həyata keçirmək prinsiplərini dəyərləndirmək istəyir, amma bu istiqamətdə əlbəttə, Zəngəzur dəhlizinin açılmaması məsələsi də var. Qərb bu dəhlizin açılmasında maraqlı deyil və dəhlizə nəzarətin özləri tərəfindən həyata keçirilməsinə çalışır. Zəngəzur dəhlizinin alternativi olaraq ‘’Sülh qovşağı’’ layihəsini irəli sürüb. Bu layihə Ermənistanın və qərbin maraqlarını özündə ehtiva edir. Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin marağına isə qətiyyən uyğun deyil. Ermənistanın dəhlizi açmamasının səbəbi öz potensialına arxayınlıq deyil, qərbin dəstəyinə arxayınlıqdır. Amma bu uzun perspektiv üçün mümkün ola bilməz və Ermənistanın yalnız yaxın perspektiv üçün ümid edir ki, qərb Rusiya-Ukrayna müharibəsində qalib gələcək və beləliklə də Ermənistana ciddi şəkildə diqqəti artıracaq. Amma ABŞ-də yeni hökümət fəaliyyətə başladıqdan sonra dünyada geosiyasi durumun dəyişmə ehtimalı yüksəkdir. Xüsusilə də, Rusiya və ABŞ arasındaki münasibətləri normallaşdırmaq perspektivləri var. Bu isə Fransa və Ermənistanın siyasətinə ciddi şəkildə təsir edəcək. Ona görə də, düşünürəm ki, uzaq perspektiv üçün Zəngəzur dəhlizinin açılmamasına Ermənistan dirəniş göstərməsi mümkün deyil. Türkiyə də əlbəttə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələr Ermənistan üzərində təzyiqlərini artıra bilər. Hesab edirəm ki, bu baxımdanda Zəngəzur dəhlizinin açılma perspektivi kifayət qədər yüksəkdir”.


Günel Verdiyeva