"Silah Yarışı Bizi Dayandıra Bilməz" -Prezident İlham Əliyev

Bölmə: Siyasət › ,
Tarix: 22:15 19.12.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi son müsahibəsində Ermənistanın hərbi təxribatlarının davam etdiyini və bu ölkənin silahlanma siyasətinin uğursuzluğa məhkum olduğunu vurğulayıb. Prezident qeyd edib ki, "onlar bizimlə silah yarışına tab gətirə bilməyəcək". Ermənistanın yeni müharibə planlarına dair ehtimallar isə bölgədəki təhlükəsizlik və sabitlik mövzusunda narahatlıqları artırır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Natiq Miri bildirib ki, müharibə aparmaq üçün tam sistemli, təchizatlı orduya ehtiyac var:

 

"Ermənistanın belə bir ordusu mövcud deyil. Əgər Ermənistanın elə bir ordusu olsaydı, Azərbaycan və Ermənistan arasında sərhədlərdə postlarda 50-55 yaşlı insanlar durmazdı. Gənc əsgərlər mövcud deyil və ya Ermənistan cəmiyyəti övladlarını orduya xidmətə göndərməkdən qaçırır. Kimisi Ermənistandan uzaqlaşdırmaqla, kimisi isə müəyyən yollarla – rüşvətlə bu məsələni həll edir. Məncə, müharibə yox, hər hansı qısamüddətli hərbi təxribatlardan söhbət gedə bilər. Açığı, mən bunun da olacağına tam əmin deyiləm, çünki Nikol Paşinyanın belə bir açıqlaması var: 'Hər şey Ermənistan dövlətinin milli maraqlarına uyğun olmalıdır".
Əgər bu sözlər həqiqətən yalnız bəyanat xarakterli deyil, mahiyyətdə də belədirsə, Ermənistanın bu günə qədər baş vermiş hərbi təxribatlar kontekstində hansı zərbələr aldığının fərqində olduğu qənaətinə gəlmək olar. Buna görə də Ermənistan ordusunun transformasiyası ilə bağlı Nikol Paşinyanın verdiyi açıqlamaya diqqət yetirmək lazımdır. Burada Ermənistan ordusunu işğalçı yox, sülhün təminatçısı timsalında görməliyik. Çünki Paşinyanın açıqlamaları böyük müharibələri istisna edir. O, erməni xalqına ayağını yorğanına görə uzatmağın zəruriliyini izah etmək istəyir. Erməni xalqından bu qəflət yuxusundan oyanmağı və reallıqla barışmağı təklif edir. Azərbaycandan böyük zərbələr almış Ermənistanı müharibəyə heç nə sövq edə bilməz. Ermənistanın silahlanma prosesi davam edir. Bu prosesdə ABŞ, Fransa və Hindistan səviyyəsində yardımlar edilir, silahlar verilir. Amma bu o demək deyil ki, müharibə olacaq. Doğrudur, bu, müəyyən narahatlıqlar doğurur. Lakin Ermənistanın hərbi gücü kifayət qədər zəifdir. Əgər regionda sülh və əməkdaşlıq müqaviləsi imzalansa, silahlanma üçün büdcədən böyük məbləğlərin ayrılmasına ehtiyac qalmayacaq. Bu, hər iki tərəf üçün keçərlidir. Bu gün Azərbaycanın qarşısında duran əsas məqsəd Qarabağı dirçəltmək, yenidən inkişaf etdirmək və məcburi köçkünləri öz yurdlarına qaytarmaqdır. Bunun üçün böyük vəsaitlər tələb olunur. Digər tərəfdən, Ermənistanın öz xalqı üçün inkişaf perspektivləri müəyyən etməyə ehtiyacı var və bu da ciddi maliyyə vəsaiti tələb edir”.

 

Zəhra Məmmədova