"Azərbaycan- Rusiya münasibətləri müttəfiqlik səviyyəsindədir”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:34 19.12.2024

“Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna Azərbaycan və Rusiyada heç bir şübhə yoxdur”.

 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Kazım Kazımov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik səviyyəsindədir:

 

“Bu həm praktikada, həm də iki ölkə arasında imzalanan sənəddə belədir. Onun sözlərinə görə, bu gün Rusiya çox mürəkkəb proseslərdən keçir. Rusiyaya qarşı Ukrayna müharibəsi səbəbi ilə geniş embarqo dalğası var. Azərbaycan bu embarqo dalğasına qoşulmayıb. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Cənab Prezidentin dediyi kimi Rusiya-Ukrayna arasında müharibənin qazananı olmayacaq. Ona görə də, bu münaqişənin sülh yolu ilə həll edilməsi var. Azərbaycan da bu məsələdə həm Moskva ilə , həm də Kiyevlə görüşərək məsələləri həll edə bilər. Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsi hər il intensiv olaraq yüksəlib. Bir çox Qərb dairələri Rusiyaya qarşı müxtəlif cəbhələr açmağa çalışıblar. 2008-ci ildə bu Gürcüstanda olub. Ukraynada proseslər ona bənzər şəkildə irəliləyib. Qərbin beşinci kalonu Azərbaycanda da belə şey etmək istəyib. Lakin Azərbaycan buna imkan verməyib. Bu gün Azərbaycan həm Moskva ilə, həm də başqa ölkələrlə bərabər hüquqlu və dostluq münasibətlərin davam etdirib. Bu da çox xoş haldır. Bu gün Cənubi Qafqazın yüksələn gücü olan Azərbaycanın siyasi çəkisini, nüfuzunu Moskva da çox yaxşı anlayır. Bu Azərbaycan-Rusiya münasibətlərini inkişafına da öz töhfəsini verir”.

 

Kəmalə Vəliyeva