Nikol Paşinyan Ermənistan mediasına açıqlamalar verib

Bölmə: Siyasət › ,
Tarix: 21:59 20.12.2024

Bu açıqlamalarda o sülh, delimitasiya-demarkasiya və dəmir yolu xəttləri ilə bağlı danışıb.


Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, əgər Ermənistan konstruktiv mövqedən çıxış edərsə, qalan 2 maddə də razılaşdırıla və sülh müqaviləsi imzalana bilər:


“Sülh sazişi ətrafında danışıqlar davam edir və 11 dəfə sülh sazişi layihələri barədə rəylər dəyişdirilib, mübadilə edilib və hazırda 2 maddə ətrafında narazılıq var və ölkə başçısı bunları vurğuladı. Şərtlərdən biri qarşılıqlı beynəlxalq iddialardan əl çəkmək, digəri isə üçüncü tərəfin qüvvələrinin şərti sərhəd zonalarından çıxarılması. Aydın məsələdir ki, burada söhbət Avropa Birliyi müşahidəçi missiyasından gedir. Onlar şərti sərhəddə təxribatçı fəaliyyətlə məşğul olurlar və Azərbaycanın haqlı tələbi də ondan ibarətdir ki, müşahidəçilər oradan çıxarılmalıdır. Bununla bağlı Paşinyanın açıqlamalarına görə guya Ermənistan tərəfi addımlar atır. Paşinyan müsahibəsində qeyd etdi ki, biz Azərbaycana təklif etmişik ki, delimitasiya olunan ərazilərdən Avropa Birliyi müşahidəçiləri çıxarıla bilər. Amma Paşinyanın bu açıqlaması həm də o deməkdir ki, müşahidəçilər yalnızca delimitasiya olunmuş ərazilərdən çıxarıla bilər. Bu da uzun zaman alacaq məsələdir. Azərbaycan və Ermənistanın sərhədi kifayət qədər çoxdur. Digər versiya ondan ibarətdir ki, Ermənistan tərəfi həmin müşahidə missiyasının patrul xidmətini şərti sərhəd zonasında yox, İrəvanda və Cərmukdaki ofislərdə yerləşdirəcək və guya onlar oradan nəzarət edəcəklər. Bu versiya Ermənistanda müzakirə olunur. Sözsüz ki, əsas məsələ missiyanın mandatının artırılıb-artırılmayacağıdır. Fevralda bu missiyanın fəaliyyəti bitir və onun ətrafında müzakirələr gedir. Düşünürəm ki, indiki mərhələdə Ermənistan bu mandatı bir neçə aylıq artıra bilər. Məqsəd odur ki, Azərbaycan tərəfindən mövqeləri müəyyən qədər uzlaşdırsın və əgər iki tərəf arasında münasibətlərdə irəliləyiş olarsa, Ermənistan tam şəkildə müşahidəçilərin çıxmasına razılıq versin”.

Günel Verdiyeva