Trampdan mübahisəli Panama və Qrenlandiya şərhi

Bölmə: Siyasət › ,
Tarix: 21:18 24.12.2024

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, sahibi olduğu "Truth Social" adlı sosial media platformasında paylaşım edərək, Qrenlandiyanın nəzarətə alınmasının "mütləq bir zərurət" olduğunu bildirib.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Donald Tramp hazırda Danimarka ərazisi olan Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsinə cəhd edir:

 

 "Danimarka bəyan edir ki, sözügedən ada ticarətə və iqtisadi əlaqələrə açıqdır. Ancaq, əslində , ABŞ Qrenlandiyanın strateji əhəmiyyətinə görə onu nəzarətə almaqda israrlıdır. Rusiya və başqa təhdidlərdən sığortalanmaq, Danimarka ilə razılaşılaraq həmin adadan ABŞ əleyhinə mümkün təhlükələrin olma ehtimalını sıfıra endirmək üçün bu addım atılır. Digər tərəfdən isə Trampın siyasəti tam fərqlidir. O, sələfləri kimi Asiya və Afrikada işğallar həyata keçirib daha çox vəsait xərcləməkdənsə, Amerika qitəsinin özündə və əsasən Çində Tayvan məsələsi ilə bu niyyətləri həyata keçirmək istəyir.

ABŞ-də təbii ki, Trampın bu siyasətini tənqid edənlər də var. Amma onun əsas məqsədi ABŞ-ni əlavə xərclərdən və lazımsız, faydasız müharibələrdən kənar saxlamaqdır. O, hiss edir ki, ABŞ-nin başı savaşlara qarışdığı halda, Çin artıq iqtisadi və hərbi sahədə onu az qala keçib. Odur ki, Tayvan məsələsini də qaldırmaqla Çinə rəqib olduğunu göstərir".

 

Politoloq sözlərində qeyd edib ki, bir qədər əvvəl, Tramp Meksika və Kanadanı ABŞ-ın tərkibinə daxil etməyi təklif etib:

 

" Tramp belə deyib: “Biz Kanadaya ildə 100 milyard dollardan çox, Meksikaya isə təxminən 300 milyard dollar subsidiya veririk. Qoy onlar yeni ştatlara çevrilsinlər". İstilanın istiqamətini Asiya və Afrika ölkələrindən uzaqlaşdıraraq fərqli siyasət yürüdür ki, bunu da bir çox siyasətçilər tənqid edir. Ölkəni əlavə xərclərdən xilas etmək siyasətinin tərkibi olaraq sözügedən ərazini nəzarətinə keçirmək istəyini ifadə etsə də, əsl hədəf Qrenlandiyanın strateji əhəmiyyətidir".

 

Aygün Babayeva