Azərbaycan Gürcüstan münasibətləri tarix boyu və bu gün
Bölmə: Siyasət › ,Tarix: 20:53 21.01.2025
Azərbaycanla Gürcüstan münasibətləri Ümumillilider Heydər Əliyevin dövründən daha da yaxşılaşdırılıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına səfər edib. Bu səfər bir daha bu qonşu ölkələrin münasibətlərini ön plana çəkir.
Azərbaycan- Gürcüstan qonşuluq münasibətləri ilə bağlı politoloq Turan Rzayev "İnformator. az"a açıqlamasında bildirib ki, bu iki ölkə arasında münasibətlər yaxşı vəziyyətdədir :
"Gürcüstan Cənubi Qafqazda Azərbaycanla etibarlı sülhpərvər və münaqişədən uzaq qonşu ölkədir. Müqayisə üçün deyim ki, Azərbaycan ilə Ermənistan 30 ildən artıqdır ki, müharibə vəziyyətindədir. Rusiya və İran ilə isə vaxt aşırı gərginliyin şahidi oluruq. Lakin Tbilisi ilə bənzər problemlər yaşamamışıq.
İki ölkə münasibətlərinin bu qədər yaxşı olması həm də mərhum prezident Ümummilli lider Heydər Əliyev ilə Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze arasındakı dostluq münasibətlərinə dayanır. İki lider regional əməkdaşlığın sülh və əminamanlığın əhəmiyyətini, vacibliyini dərk edir bu istiqamətdə xarici siyasət yeridirdi. Təsadüfi deyil ki, yenə onların hakimiyyəti dövründə Bakı və Tbilisi regional ,həmçinin global miyaslı enerji layihələrini icra etməyə başladı.
Bu gün də iki ölkə arasında münasibətlər ən üst səviyyədədir. Hətta mən deyərdim ki, stratejik tərəfdaşlıq səviyyəsindədir".
Həmçinin politoloq bildirib ki, Gürcüstan gec də olsa, Azərbaycan kimi balans siyasətini icra etməyə başlayıb:
"Bu ölkədə baş verən son hadisələr əslində Gürcüstan hakimiyyətinin Qərblə arasında məsafə qoymasının doğru seçim olduğunu bir daha göstərir. Prinsip etibarilə, Tbilisi 2008-ci ildən bəri Qərbdən istədiyini ala bilmir. Söhbət Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli və Gürcüstanın Aİ-yə üzvlüyündən gedir. Qərb bunun ikisini də edə bilmədi. Reallıq ondan ibarətdir ki, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll edilməməsi Aİ maraqlarına uyğun idi. Çünki bu münaqişələr qaldığı təqdirdə Tbilisinin Aİ-yə üzvlüyü mümkün deyil.
Gürcüstan birmənalı Qərbdən üzünü çevirməyib. Belə ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırıb. Yəni proses 2028-ci ildən sonra yenidən başlaya bilər. Bu isə Qərbin tutumundan asılıdır.
Tbilisi yaxşı başa düşür ki, Rusiya ilə gərginlik, Qərb ilə radikal yaxınlaşma Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini mümkünsüz edir. Başqa cür desək, Gürcüstan Azərbaycanın “balans siyasəti” bənzəri bir siyasi xətt tutaraq münaqişələri həll etmək istəyir.
Cənubi Qafqazda dəyişməz bir qayda var. Müstəqil xarici siyasət yeritməyin tək yolu balans siyasətidir. Balans siyasətinin pozulması bir tərəfi qarşısına almaq deməkdir. Bunun fəsadları isə ağır ola bilər. Gürcüstan bu fəsadı 2008-ci il və sonrasında ağır şəkildə təcrübə etdi".
Nigar Həsənzadə