Nevroloji xəstəliklərin psixoloji təsiri və sosial adaptasiya
Bölmə: Sosial › ,Tarix: 21:18 21.01.2025
Nevroloji xəstəliklər yalnız fiziki sağlamlığa deyil, insanın psixoloji vəziyyətinə və sosial həyatına da ciddi təsir göstərir.
Mövzu ilə bağlı nevroloq Durna Ələkbərova “İnformator.az”a bildirib ki, nevrologiya geniş sahədir və endokrinologiya, kardiologiya, oftalmologiya kimi digər tibbi sahələrlə sıx əlaqəlidir:
“Nevroloji xəstəliklərin aradan qaldırılması vacibdir və yanaşma xəstənin vəziyyətinə uyğun seçilməlidir. Məsələn, əgər bir xəstənin başı ağrıyırsa, biz bunu sadə yanaşmalarla aradan qaldırmağa çalışırıq. Hətta gülüş vasitəsilə belə baş ağrısını azaltmaq mümkündür. Baş ağrısı aradan qalxdıqdan sonra bu prosesin beyin aktivliyinə təsirini araşdırırıq. Əsas diqqət beyin aktivliyinin bərpasına yönəldilir və müalicə davam etdirilir. Ümumiyyətlə, nevroloji xəstəliklərin çoxu baş ağrısı ilə başlayır. Bu səbəbdən də nevroloq olaraq, psixiatriya ilə sıx əməkdaşlıq edirik. Nevroz və depressiya kimi xəstəliklər nevrologiya ilə əlaqəlidir. Belə xəstələr psixiatrın yanına yönləndirilməlidir. Lakin bəzi hallarda nevroloq özü də xəstəyə yardım göstərə və müalicəni üzərinə götürə bilər”.
Müsahib qeyd edib ki, bəzi xəstəliklər qrupu var ki, onların nevroloji mənşəyi olsa da, pasiyentə birbaşa hər şeyi demək olmur:
“Amma elə hallar da olur ki, xəstəyə vəziyyəti izah etmək məcburiyyəti yaranır. Çünki pasiyent müalicə prosesində aktiv iştirak etməli və vaxtında həkimə müraciət etməlidir. Xəstənin vəziyyətini düzgün başa salmaq həm onun, həm də yaxınlarının müalicəyə yanaşmasını asanlaşdırır. Uzunmüddətli stress və gərgin iş rejimi nevroloji problemlərin yaranmasında mühüm rol oynayır. Həddindən artıq iş yükü və istirahət çatışmazlığı orqanizmdə ciddi problemlərə səbəb olur. Məsələn, insanlar işlərini çatdırmaq üçün özlərini həddindən artıq yükləyirlər. Bu, orqanizmin resurslarını tükədir. Belə vəziyyət uzun müddət davam etdikdə nevroloji pozuntular, xüsusilə astenik sindrom meydana gəlir. Bu sindromda pasiyent fiziki və psixoloji güc sərf etməkdə çətinlik çəkir. Buna görə də istirahət etmək, gərginlikdən uzaqlaşmaq və orqanizmin resurslarını bərpa etmək çox vacibdir”.
Nevroloq əlavə edib ki, bir çox nevroloji xəstəliklər genetik meyilliklə bağlıdır. Lakin bu, hər zaman xəstəliyin erkən yaşlarda ortaya çıxacağı anlamına gəlmir:
“Belə xəstəliklərdən bəziləri 30 yaşına qədər özünü göstərməyə bilər, amma müəyyən yaşdan sonra ortaya çıxar. Məsələn, Parkinson və ya Alzheimer xəstəlikləri adətən 60 yaşından sonra inkişaf edir. Biz həkim olaraq pasiyentin və onun yaxınlarının psixoloji vəziyyətini nəzərə almalı və onları düzgün şəkildə məlumatlandırmalıyıq. Həmçinin, xəstənin xəstəlik vəziyyəti haqqında məlumat alması müalicə prosesində daha yaxşı nəticələr əldə etməsinə kömək edir. Damar xəstəlikləri zamanı pasiyentlər qan dövranı pozğunluğu ilə bağlı problemlər yaşayır. Belə hallarda pasiyentlərə düzgün istiqamət verilməsi və psixoloji dəstək göstərilməsi vacibdir. Belə vəziyyətlərdə biz pasiyentə müsbət enerji ötürməli və onları neqativdən uzaqlaşdırmalıyıq. Onları motivasiya etmək üçün deyirik ki, “Əgər tövsiyələrə əməl etsəniz, daha yaxşı nəticələr əldə edə bilərsiniz”. Pasiyentləri stress faktorlarından uzaqlaşdırmaq, düzgün pəhriz və sağlam həyat tərzini tövsiyə etmək müalicənin effektivliyini artırır. Pandemiya və müharibə dövrü insanlarda depressiya hallarının artmasına səbəb olub.
Depressiya, psixiatrik xəstəlikdir, lakin belə xəstələr ilk olaraq nevroloqa müraciət edir. Biz bu hallarda müəyyən sakitləşdirici vasitələrlə pasiyentə yardım edirik. Depressiya zamanı insanlar həyatdan zövq almır, laqeyd və apatik olurlar. Bu hallarla mübarizə üçün həm nevroloji, həm də psixiatrik yanaşma vacibdir. Pasiyentlərin sağlamlığına vaxtında diqqət yetirilməsi və düzgün istiqamətləndirilməsi xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır. Əgər biz vaxtında sağlamlığa diqqət yetirməsək, uzun müddət davam edən problemlər ciddi fəsadlara səbəb ola bilər. Buna görə də istirahətə vaxt ayırmaq, orqanizmi yormamaq və sağlam həyat tərzinə əməl etmək vacibdir”,– deyə nevroloq fikirlərini yekunlaşdırıb.
Aydan Quliyeva