Başörtüsü ilə şəxsiyyət vəsiqəsi üçün şəkil tələbləri
Bölmə: Sosial › ,Tarix: 22:11 24.01.2025
Şəxsiyyət vəsiqəsi üçün şəkil tələbləri, baş örtüsü məsələsi və bununla əlaqəli insan haqları mübahisəli məsələlərdəndir. Xüsusilə İslam dini və onun təlimatlarına əsaslanan başörtülü qadınların şəxsiyyət vəsiqələrindəki şəkilləri ilə bağlı mübahisələr bura daxildir.
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı "informator.az" saytına açıqlamasında bildirib ki, bizim qanunlarımıza görə, şəxsiyyət vəsiqəsi üçün şəkil çəkilməsində hər kəs üçün eyni tələblər mövcuddur və bu tələblər baş örtüsü, hicab kimi məsələlərə də aiddir:
"Lakin, son zamanlar müşahidə etdiyim bir başqa məsələ də var ki, bu tələbə çox vaxt əməl edilmir. Məsələn, bir insan beş il əvvəl şəxsiyyət vəsiqəsini alıb, amma bu müddət ərzində çox sayda prosedur keçirərək, bədənin görünüşünü dəyişib. Bəzi qadınlar üzlərini, dodaqlarını, qaşlarını və digər üz cizgilərini dəyişdirir. Bu, adətən həkimdən alınan kağız vasitəsilə təsdiqlənir. Əgər şəxsiyyət vəsiqəsindəkilərlə uyğunluq yoxdursa, həkimdən alınan möhürlü kağızla bəzi insanlar dəyişiklik etdiklərini bildirirlər. Kişilərdə isə bu, əsasən saç əkimi zamanı müşahidə olunur və bunun nəticəsində üzərində əhəmiyyətli dəyişikliklər baş verir. Bu halda, ya şəxsiyyət vəsiqəsi yenilənir, ya da həkimin verdiyi kağızla məsələ həll edilir".
Sosioloqun sözlərinə görə, bu qədər estetik prosedur keçmiş bir insanın şəxsiyyət vəsiqəsi hələ də etibarlıdırsa, hətta cinsini dəyişmiş insanları da nəzərə alsaq, şəxsiyyət vəsiqəsindəki şəkil, üzünü tamamilə açıq şəkildə göstərən hicablı şəkillərlə əvəzlənə bilər:
"Təbii ki, bu, niqab və çadradan fərqli bir haldır. Şəkil çəkilərkən müəyyən standartlar qoyulması mümkündür, məsələn, ağ və ya qara hicabla şəkil çəkilməsi kimi".
Vəkil Əkrəm Həsənovun fikirlərinə görə bu insan haqlarının pozulmasıdır:
"Bu, insanın vicdan azadlığının pozulmasıdır, çünki həmin insanlar öz əqidələrinə görə başlarını bağlı saxlamaq istəyirlər və üçüncü şəxslərin onları görməsini istəmirlər. İslam dininə görə, qadın yalnız həyat yoldaşı, atası, qardaşları və oğlanları tərəfindən başı açıq görünə bilər. Lakin, fotoşəkil çəkildiyi halda, başı açıq olan qadını başqa şəxslər də görə bilər. Bu, xüsusilə bu günkü dövrdə yolverilməz bir haldır. Əvvəllər fotoşəkil vacib olsa da, hal-hazırda biometrik şəxsiyyət vəsiqələri barmaq izləri ilə müəyyənləşdirilir, buna görə də şəkil o qədər də böyük əhəmiyyət daşımır. Həmçinin, insanın kosmetik vasitələrdən istifadə edərək üzünü və gözlərini dəyişməsi, onu tanınmaz hala gətirə bilər.
Qeyri-müsəlman ölkələrində belə şəkillərin çəkilməsi və şəxsiyyət vəsiqəsinə vurulmasında heç bir problem yoxdur. Lakin bizdə bu məsələ hələ də eyni qalır. Çox vaxt dünyəvi dövlət anlayışı yanlış başa düşülür və zənn edilir ki, dövlətin dini qoruması lazımdır. Lakin əslində, Avropada dünyəvi dövlət, dini və dindarları dövlətdən qorumaq məqsədini daşıyır. Mənim fikrimcə, bu qadağa aradan qaldırılmalıdır".
Çinarə Tarverdiyeva