Fransalı qadın məhkəmədə həyat yoldaşına seksdən imtina etməklə bağlı qalib gəldi
Bölmə: Dünya › ,Tarix: 22:31 24.01.2025
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransalı H.W. adlı qadının ərinə seksdən imtina etdiyi üçün boşanmada günahkar sayılmamalı olduğuna qərar verib. Məhkəmə bildirib ki, cinsi münasibətdən imtina boşanma üçün əsas sayıla bilməz.
Məhkəmə qərarında Fransanın qadının şəxsi və ailə həyatına hörmət hüququnu pozduğu vurğulanıb. H.W. bu qərarı "evlilikdə razılığın və qadın hüquqlarının təbliğində irəliləyiş" adlandırıb.
Qadın hüquqları qrupları isə Fransanın "arxaik evlilik anlayışını" hələ də tətbiq etdiyini və bunun zərərli stereotipləri davam etdirdiyini bildirir.
H.W. və JC 1984-cü ildə evlənib və dörd övladları olub. Qadın 1992-ci ildən sağlamlıq problemləri yaşamağa başlayıb və 2002-ci ildən əri ona qarşı zorakılıq edib. 2004-cü ildə ərindən uzaqlaşıb və 2012-ci ildə boşanma üçün müraciət edib.
Fransadakı məhkəmələr H.W.-nin şikayətlərini rədd etsə də, AİHM qərarında "evlilik razılığı cinsi əlaqəyə məcbur etmə demək deyil" deyə qeyd edib və razılığın vacibliyini vurğulayıb.
Bu qərar Fransada razılıq və qadın hüquqları ilə bağlı müzakirələri gücləndirib. Qadın hüquqları müdafiəçiləri ölkədə qanunların və mədəni münasibətlərin yenilənməli olduğunu bildirirlər.
Mənbə: BBC News
Aydan Quliyeva