Bakı Metropolitenində Maya Dəyərinin Süni Artırılması-Ekspert Açıqlaması
Bölmə: Sosial › ,Tarix: 22:47 27.01.2025
Bakı metrosunda maya dəyərinin süni şəkildə artırılması və görülən işlərin effektivliyi ilə bağlı ciddi suallar ortaya çıxıb. İqtisadçı Akif Nəsirli “Informator.az”a verdiyi müsahibəsində məsələ ilə bağlı vacib məqamları diqqətə çatdırıb:
“Ödənişli nəqliyyat siyasəti əslində sosial siyasətin bir formasıdır. Bu xidmətlərin daha ucuz, daha rahat və operativ şəkildə təmin olunması üçün zərərlər dövlət büdcəsi hesabına qarşılanır. Məsələn, Bakı metrosu hər il zərərlə fəaliyyət göstərir və bu vəziyyət açıq şəkildə görünür. Lakin bu məsələlərin dəqiq araşdırılması üçün ciddi tədqiqatlara ehtiyac var. Bir xidmətin real dəyəri nə qədərdir? 50 qəpik, 70 qəpik, yoxsa 1 manat? Bunun araşdırılması vacibdir.
Bununla yanaşı, digər vacib məqam metro şəbəkəsinin genişləndirilməsi ilə bağlıdır. 2020-ci ilə qədər metro stansiyaları genişləndirilsə də, bəzi layihələrin nə dərəcədə zəruri olduğu sual doğurur. Məsələn, Koroğlu metrosunun üzərində tikilmiş piramida və ya 28 May metrostansiyasının görünüşünün dəyişdirilməsi və əlavə çıxışın tikilməsi həqiqətən vacib idimi? Bu kimi layihələrdə əsas diqqət metro şəbəkəsinin daha səmərəli və məqsədyönlü genişləndirilməsinə yönəlməlidir. Dünya təcrübəsinə əsasən, metropoliten şəbəkəsinin yerləşdiyi ərazidə əhalinin sayı 50,000-dən çox olmalıdır. Lakin metro stansiyalarının sayı bu qədər olmadıqda gəlirli fəaliyyət göstərmək çətindir. Buna görə də hökumət qarşısına 50-dən çox stansiyalı bir metro şəbəkəsi yaratmaq hədəfi qoymalıdır. Bununla belə, yeni stansiyaların açılacağı yerlərin düzgün seçilməsi olduqca önəmlidir. Məsələn, Xocəsəndə bir metro stansiyasının açılması gəlir gətirərmi? Orada nə qədər insan metrodan istifadə edəcək? Əgər sərnişin sayı kifayət qədər deyilsə, bu cür layihələr borc xərci kimi qəbul edilməlidir. Daha səmərəli yanaşma isə şəhərin sıx ərazilərində stansiyaların tikilməsi ola bilər”.
Akif Nəsirli Hesablama Palatasının auditlərində aşkarlanan pozuntuların ictimaiyyətə açıqlanmasına baxmayaraq, onların aradan qaldırılması üçün effektiv tədbirlərin görülmədiyi bildirib:
“Son illərdə Hesablama Palatası audit işlərində aktivlik göstərərək dövlət müəssisələrində pozuntuları aşkarlayır və ictimaiyyətə təqdim edir. Lakin bu pozuntuların aradan qaldırılması üçün ciddi tədbirlər görülmür. Dövlət şirkətləri hələ də zərərlə işləməyə davam edir. Baxmayaraq ki, bəzi şirkətlərlə bağlı hökumət müəyyən qərarlar qəbul edib, bu tədbirlər kifayət qədər effektli deyil. Auditlərdə təqdim edilən tənqidlərdən və tövsiyələrdən nəticə çıxarılmalıdır. Əks halda, Hesablama Palatasının fəaliyyəti də səmərəsiz hala gələcək. Dövlət müəssisələrində şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması olduqca çətindir. Bunun ən effektiv yolu həmin müəssisələrin özəlləşdirilməsidir. Lakin bu da yalnız metropoliten kimi müəssisələrin mənfəətli qurumlara çevrilməsi ilə mümkündür. Bunun üçün isə metro stansiyalarının sayı artırılmalı, hökumət bu istiqamətdə fəaliyyətini gücləndirməlidir. İqtisadi menecerlər səmimi şəkildə çalışırlarsa, investisiyaları və ayrılan vəsaitləri stansiyaların təmirinə və pulların silinməsinə yox, yeni stansiyaların tikilməsinə yönəltməlidirlər. Bu yolla metropolitenin inkişafı daha səmərəli və məqsədyönlü şəkildə həyata keçirilə bilər”.
Xanım Ağamalıyeva