Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda müxtəlif xəstəliklər yaranır?

Bölmə: Sosial › ,
Tarix: 20:31 31.01.2025

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bitkilərin məruz qaldığı bəzi mənşəyi bilinməyən xəstəliklərin səbəbi araşdırılır:

 

"Bilinən xəstəliklərə qarşı mübarizə aparılır, dezinfeksiya işləri və ağacları qorumaq üçün tədbirlər görülür. Amma elə xəstəliklər var ki, onlarla bağlı biliklər çox deyil, öyrənilir. İnanıram ki, alimlər bunlara qarşı da tədbirlər müəyyən edəcəklər".

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, qlobal istiləşmə prosesi yeni bir hadisə deyil:

 

"Qlobal istiləşmə hadisəsi ən azı 200-300 il bundan əvvəl baş verən bir prosesdir. Beynəlxalq mətbuatı izləyən bir insan kimi söyləyirəm ki, ağaclarda hər hansısa bir xəstəlik yaranırsa və bunun qarşısının alına bilinməyəcəyi haqqında bir yazıya və ya elmi məqaləyə rast gəlməmişəm. Nazir Muxtar Babayevin hansı mənbəyə əsaslanaraq mənşəyi bilinməyən xəstəliklərin yaranmasını söylədiyini anlaya bilmirəm. Bunu ümumiyyətlə nə BMT, nə Avropa Birliyi, nə də Azərbaycanın Botanika İnstitutu təsdiqləməyib. Bunlar təsdiqlənmiş xəstəliklər deyil. Bu xəstəliklər əgər meşələrdə yayılırsa və qlobal xəstəliyə çevrilirsə, mütləq bunun haqqında bütün dünya danışacaqdı. Mən hesab edirəm ki, bu, əsaslandırılması olmayan məsələdir. Əgər qlobal istiləşmə baş verirsə, bu, əlbəttə, meşənin ekosisteminə təsir edəcək. Meşənin ekosisteminə zərər vuran əsas məsələ meşələrin qırılmasıdır. Meşələr qırılmasa, orada ekosistem pozula bilməz. Ümid edirəm ki, hazırda görülən tədbirlər nəticəsində qlobal istiləşmə meşələri məhv etməz. Nazir Muxtar Babayevin fikrinə bir daha öz münasibətimi bildirirəm ki, meşələrdə qlobal xəstəlik yayılmayıb".

 

Aygün Babayeva