“Regionların turizm potensialı var, amma infrastruktur daim təkmilləşməlidir”-EKSPERT
Bölmə: Sosial › ,Tarix: 19:01 04.02.2025
Azərbaycana gələn turistlərin əksəriyyəti – təxminən 80%-i əsasən Bakıda qalır. Bu isə o deməkdir ki, regionlara səfər edən turistlərin sayı nisbətən azdır. Ümumilikdə, ölkəyə gələn turistlər səfər günlərinin böyük hissəsini paytaxtda keçirirlər.
Turizm üzrə ekspert Ceyhun Aşurov “informator.az”a açıqlamasında bildirib ki, son dövrlər regionlarda turizmin inkişafı üçün müxtəlif addımlar atılır:
“Regionlara turist axınını artırmaq üçün müəyyən işlər görülür. Xüsusən, mövsüm vaxtı bölgələrdə daha çox sıxlıq müşahidə edirik. Regionlarda yeni otellər açılır, kənd evləri tikilir. Bunlar əlavə alternativlər yaratmaqla insanların istirahətini təşkil etmək üçün imkanlar təqdim edir. Hazırda ölkəyə giriş və çıxış əsasən Bakı hava limanı vasitəsilə olduğu üçün turistlərin əsas vaxtı paytaxtda keçir. Çünki gəldikləri və getdikləri gün onlar məhz Bakıda olmalıdırlar. Yaxşı olardı ki, digər beynəlxalq hava limanlarımız da daha səmərəli işləsin. Əlbəttə, belə olarsa, gələcəkdə quru sərhədlər açıldıqdan sonra regionlara daha çox səyahətin artdığını müşahidə edə bilərik.
Regionların turizm potensialı var və oradakı infrastruktur daim təkmilləşməlidir. Ora turist axını artdıqca, biznes də adekvat təkliflər yaradacaqdır. Bu isə iqtisadi aktivliyə səbəb olacaqdır. İstər regionlardakı beynəlxalq hava limanlarının daha aktiv işləməsi, istərsə də yeni turizm obyektlərinin açılması və tanıtım işlərinin gücləndirilməsi sayəsində regionlara daha çox turistin cəlb olunmasına nail olmaq olar”.
Asiya Zeynallı