Şüuraltının gücü: həyatımıza təsir edən gizli proseslər
Bölmə: Sosial › ,Tarix: 19:05 04.02.2025
Şüuraltı, psixologiyada insanın şüurunun bir hissəsi olaraq, şüurda olmayan, amma davranışlarımıza, düşüncələrimizə və emosiyalarımıza təsir edən psixi proseslərə aiddir. Şüuraltı, həmçinin təcrübələrimizin, yaddaşımızın və instinktiv reaksiya formalarının saxlanıldığı yerdir.
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova "informator.az" saytına açıqlamasında bildirib ki, psixoanalizdə şüuraltı proseslərin analizi mühüm rol oynayır:
" İnsan həm şüurlu, həm də şüuraltı bir varlıqdır və şüuraltı hissəsi üç əsas struktura bölünür: id, mən və super ego. Super ego insanın daxili təcrübələri, cəmiyyətin tələbləri və ənənələri ilə əlaqəli qayda-qanunlar, mənəvi prinsiplər və öyrənilmiş davranışları ehtiva edir. Bu, insanın müsbət və ya mənfi davranışlarını tənzimləyən hissədir. Mən insanın reallıqla münasibətini təşkil edir, yəni onun özünü dərk etməsi və hərəkət etmə qərarlarını verdiyi hissədir. İd isə insanın təbii istəkləri, qorxuları, arzuları və impulsiv davranışlarını əks etdirir, yəni insanın şüursuz istəyini simvollaşdırır.
Şüuraltının formalaşmasında nəsil şəcərəsinin də əhəmiyyəti vardır. Şüuraltı kodlar, keçmiş nəsillərdən gələn qorxular və ya davranış nümunələri fərdin həyatını müəyyən şəkildə təsir edə bilər. Həmçinin insanın anasının hamiləlik dövründə qarşılaşdığı mühit də şüuraltı proseslərə təsir edir və gələcəkdə insanın həyatına əhəmiyyətli təsir göstərir.
İnsan yatarkən şüuraltı ilə şüur arasında bir senzor götürülür və bu zaman gündəlik həyatda yığılmış təcrübələr şüurlu şəkildə ortaya çıxır. Şüuraltı prosesi, elə bir xüsusiyyətə malikdir ki, insan doğulanda bu proseslər onunla birgə doğulur. Həmçinin insanın həyatında yaşadığı hər bir epizod və təcrübə zamanla şüuraltına yerləşir. Bu proseslər həyatın müxtəlif dövrlərində özünü hiss etdirir və insanın daxili aləmində mənfi və ya müsbət təsirlər yaradır".
Psixoloqun sözlərinə görə, şüuraltı bəzən bizim inanclarımız şəklində həyatımıza daxil olur və ya sadəcə düşüncələrimizə çevrilir:
" Şüuraltı prosesini tam şəkildə idarə etmək mümkün olmasa da, onun üzərində düşünmək və şüuraltı məsələlərimizi anlamağa çalışmaq mümkündür. Bu, bizi narahat edən mövzuları, qorxuları və travmaları anlamağa kömək edər.
Əgər şüuraltıda çoxsaylı qorxular, travmalar və mənfi təcrübələr varsa, bu, insanın gündəlik həyatını da mənfi şəkildə təsir edə bilir və onu özünü yetərsiz hiss etməyə, çətinliklərlə üzləşməyə sövq edə bilir. Uşaqlıq dövründə alınan travmalar da şüuraltıda yığılır və böyüdükdə bu təcrübələr insanın həyatına təsir göstərir, onun həyatına maneə törədir.
Şüuraltı proseslərin insanın həyatına təsiri böyükdür və bu təsirləri anlamaq, şüuraltı məsələləri aydınlaşdırmaq insanın daxili aləminə və ümumi həyat keyfiyyətinə müsbət təsir göstərə bilər".
Çinarə Tarverdiyeva