AXC dövrü diplomatik irsinin çağdaş cərəyanı
Bölmə: Siyasət › ,Tarix: 12:29 06.02.2025
Müasir Azərbaycan Respublikası diplomatiyasının formalaşmasında 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinin diplomatik ənənələri əsas bünövrə olub. Həmin dövrdə AXC-nin qısa müddətdə beynəlxalq arenada tanınması və diplomatik əlaqələr qurması çağdaş dövrdə Azərbaycanın xarici siyasətinin formalaşmasına təsir edib.
Cumhuriyyət diplomatik irsinin bir çox xüsusiyyətləri var idi. XX əsrdə hökumət müstəqilliyini dünya dövlətlərinə tanıtmaq üçün ciddi diplomatik addımlar atdı. 1920-ci ilin yanvarında Paris Sülh Konfransında cumhuriyyət qurucuları Azərbaycanın başqa dövlətlər tərəfindən de-fakto tanınmasına nail oldular. Dünya dövlətlərinə müstəqilliyini göstərən Azərbaycan Xalq Cumhuriyyətinin sonrakı addımlarından Gürcüstan, Osmanlı, İran və digər dövlətlərlə diplomatik münasibətlər qurmaq və Fransa, Böyük Britaniya və ABŞ kimi güclü ölkələrlə əlaqələr yaratmaq idi. AXC Qərbə inteqrasiya etməyi ön planda tuturdu və beynəlxalq arenada Avropaya yaxınlaşmağa cəhd edirdi. Avropa ilə diplomatik əlaqələrin olması AXC üçün müsbət xüsusiyyət idi. AXC Avropa ölkələri ilə münasibətlər qurmaqla kifayətlənmirdi, həmin vaxtda keçirilən beynəlxalq konfrans və təşkilatlarda yaxından iştirak edirdi. Həmçinin AXC diplomatiyası həm daxili, həm də xarici təhlükələrə qarşı siyasi mübarizə aparırdı. Bütün bu addımlardakı əsas məqsəd müstəqilliyi qorumaq idi.
Çağdaş dövrdə bu irsi müasir Azərbaycan Respublikası davam etdirir. Öz xarici siyasətində suverenliyini müdafiə edir və beynəlxalq aləmdə mövqeyini gücləndirir. 1991-ci ildən sonra Azərbaycan bir çox beynəlxalq təşkilat və qurumlara üzv olaraq Avropa ilə əlaqələrini yaxşılaşdırmağa çalışır. BMT, ATƏT, UNESKO, AŞ, TÜRKSOY, MDB, NATO və digər təşkilatlarda fəaliyyətini artıraraq beynəlxalq arenada özünü göstərir. AXC dövründə tanınmaq üçün Paris Sülh Konfransına nümayəndə heyəti göndərirdisə, 1991-ci ildən sonra Azərbaycan təşkilatlara üzv olaraq konfrans və seminarlara nümayəndə heyətini göndərir. Müasir Azərbaycanın digər beynəlxalq təşkilatlarla əməkdaşlığı AXC diplomatik irsinin davamıdır. O dövrdə mübarizə diplomatiyası bu gün özünü Azərbaycan diplomatiyasının Qarabağ münaqişəsində özünü göstərir. Nəticədə isə 2020-ci ildə əldə olunan hərbi və diplomatik qələbə nəticəsində ərazi bütövlüyü bərpa edildi.
AXC dövründə iqtisadi əlaqələr qurulmağa çalışılsa da resur çatışmazlığı buna maneə olurdu. Lakin bu addım özünü müasir Azərbaycanda göstərdi. Hazırda Azərbaycan enerji diplomatiyası vasitəsilə Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm yer tutur. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrlə iqtisadiyyatın güclənməsinə dair addımlar atır.
AXC ənənələri Azərbaycan Respublikasının xarici siyasətində öz əksini tapır. Azərbaycanın müasir dövlətçilik konsepsiyasının əsas sütunu AXC diplomatik irsidir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə güclü diplomatiya irsi ortaya qoydu. Azərbaycanın müasir dövlətçilik konsepsiyasının əsas sütunu AXC diplomatik irsidir. Azərbaycan bu irsə sahib çıxaraq qlobal mərkəzdə öz mövqeyini gücləndirir.
Nurcan İsmayılova