İspaniya XİN başçısı fələstinlilərin köçürülməsi ilə bağlı planı rədd edib
Bölmə: Siyasət › ,Tarix: 16:44 06.02.2025
İspaniyanın Xarici İşlər Naziri Xose Manuel Albares İsrailin müdafiə naziri İsrael Katzın fələstinlilərin Qəzzadan digər ölkələrə, o cümlədən İspaniyaya köçürülməsi ilə bağlı planını rədd edib.
Nazirin sözlərinə görə, heç kim fələstinlilərin və xüsusilə Qəzza sakinlərinin hara getməli olduğu barədə müzakirələrə qoşulmamalıdır, çünki "Qəzza fələstinlilərin torpağıdır və İspaniyanın, eləcə də planetin əksər ölkələrinin istədiyi kimi, gələcək Fələstin dövlətinin bir hissəsi olmalıdır".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, fələstinlilərin Qəzzadan başqa ölkələrə köçürülməsi ilə bağlı plan yalnız İsrailə aid deyil. İsrail ilə yanaşı, bu plan ABŞ-yə də aiddir:
" Çünki Donald Tramp bu planın reallaşdırılmasını dəstəklədiyini qətiyyən inkar etmir. Eyni zamanda Donald Tramp Misir və İordaniyadan tələb edir ki, Qəzzadakı fələstinliləri öz ölkələrinə qəbul etsinlər. Əlbəttə ki, iki ölkə də buna etiraz edir. Bu plan Yaxın Şərqin yenidən "dizayn" olunmasına gətirib çıxara bilər. Ancaq bu planın hansı dərəcədə effektiv olacağı məlum deyil. Çünki beynəlxalq aləmdə belə bir planın reallaşdırılmasına qarşı kəskin müqavimət mövcuddur. İspaniya, Türkiyə və başqa ölkələr buna etiraz edirlər. Bir çox Avropa ölkələri Qəzzada müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Onlar hesab edirlər ki, Yaxın Şərq münaqişəsi Fələstin dövlətinin yaradılması ilə başa çatacaq. Lakin hələlik müstəqil Fələstin dövlətinin yaradılması mümkün görünmür. Buna görə də hesab etmək olar ki, bu problem bir müddət davam edəcək. Tramp administrasiyası dövründə İsrailin bu məsələ ilə bağlı hansı addımları atacağı hələlik bilinmir. Ümumiyyətlə, Yaxın Şərqdə baş verən hadisələrin nə ilə nəticələnəcəyini dəqiq demək çətindir".
Aygün Babayeva