Uşaqların internet asılılığı-Çıxış yolu varmı ?
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/4155260_.jpeg)
Tarix: 21:54 10.02.2025
Müasir texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, uşaqlar da kiçik yaşlardan internetlə tanış olur və ondan gündəlik istifadə edirlər.
Mövzu ilə bağlı şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil "informator.az"a açıqlamasında bildirib ki, internet asılılığı uşağın uzun müddət oyunlar, sosial şəbəkələr və digər onlayn fəaliyyətlərdə olması nəticəsində yaranır:
"Bu, həm fiziki, həm də psixoloji problemlərə səbəb ola bilər. Əsas əlamətlər arasında zamanın düzgün idarə olunmaması, yəni uşağın daim telefonla məşğul olması, göz yorğunluğu, baş ağrıları, yuxusuzluq və hərəkətsizlik var. Sosial təcrid, narahatlıq, əsəbilik, depressiv hallar və qəzəbli reaksiyalar da müşahidə edilə bilər. Ailə ilə münasibətlərin zəifləməsi də əsas göstəricilərdən biridir".
Bəs internet asılılığının əsas səbəbləri nələrdir?
"Əsas səbəblərdən biri valideynlərin uşağa kifayət qədər diqqət ayırmamasıdır. Müasir dövrdə valideynlər iş və məişət qayğılarına o qədər vaxt sərf edirlər ki, uşaqlarla ünsiyyət az olur. Uşaq da boşluğunu internetdə doldurmağa çalışır. Bundan əlavə, sosial şəbəkələrin və onlayn oyunların cəlbediciliyi, orada dostluq mühitinin yaradılması da uşaqları internetə bağlayır".
Müsahib həmçinin valideynlərin uşağın internetə həddindən artıq bağlandığının anlamalısının hallarını da vurğulayıb:
"Əgər uşaq sosial əlaqələrini və fiziki fəaliyyətlərini tamamilə kəsirsə, səhər yuxudan duran kimi telefona qaçırsa, dərs zamanı belə sosial şəbəkələrdən istifadə edirsə, yuxusuzluq və iştahsızlıq problemi yaranırsa, bu, ciddi xəbərdarlıqdır. İnternet istifadəsi gecə saatlarına qədər davam edirsə və bu, uşağın psixoloji vəziyyətinə təsir edirsə, valideynlər mütləq tədbir görməlidirlər. İlk növbədə, vaxt məhdudiyyəti qoyulmalıdır. Məsələn, internet istifadəsi gün ərzində yalnız müəyyən saatlarla məhdudlaşdırıla bilər. Uşaqlar alternativ fəaliyyətlərə cəlb olunmalıdır- idman, dərnəklər, açıq havada oyunlar və kitab oxumaq kimi fəaliyyətlər asılılığın qarşısını ala bilər. Valideynlər özləri də nümunə olmalıdır. Əgər uşaq valideyninin saatlarla telefonda olduğunu görürsə, ondan fərqli davranış gözləmək çətindir.
Altı yaşa qədər internet istifadəsi ümumiyyətlə tövsiyə olunmur. Bu yaşda uşağa telefon verib cizgi filmləri izlətmək gələcəkdə asılılıq yarada bilər. Altı yaşdan yuxarı isə müəyyən məhdudiyyətlər tətbiq edilməlidir. Məsələn, yarım saatdan bir saat yarıma qədər internet istifadəsinə icazə verilə bilər. Əsas məsələ balansı qorumaqdır".
O, internetin müsbət tərəflərini də bildirib:
"İnternet təhsil, yaradıcılıq və sosial əlaqələr baxımından çox faydalı ola bilər. Amma burada əsas məsələ düzgün istifadəni öyrətməkdir. Valideynlər uşaqlara internetin yalnız əyləncə deyil, həm də öyrənmə vasitəsi olduğunu anlatmalıdırlar. Düzgün kontent seçimi və nəzarət internetin faydalı istifadəsini təmin edə bilər. Əsas məsələ nizam-intizam yaratmaq, vaxt bölgüsünü düzgün aparmaq və uşaqları alternativ fəaliyyətlərə cəlb etməkdir. Əgər internet asılılığı ciddi hal alıbsa, psixoloq və ya mütəxəssisə müraciət etmək tövsiyə olunur".
Aydan Quliyeva