Trampın Qəzza Bəyanatı: Yaxın Şərqdə Yeni Gərginlik Ocağımı?

Bölmə: Siyasət › ,
Tarix: 20:56 10.02.2025

ABŞ Prezidenti Donald Tramp, İsrail-Fələstin münaqişəsi bitdikdən sonra fələstinlilərin Qəzzaya geri dönməsinin səhv olacağını bildirib. Luizianada verdiyi açıqlamada, Qəzzanın ABŞ-nin nəzarətində yenidən qurulacağını vurğulayıb. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a müsahibəsində bildirib ki, İsrailin məqsədi Həması tam sıradan çıxarıb Qəzza əhalisini də müxtəlif ölkələrə səpələməklə sərhədlərini bir qədər də genişlətmək idi:

 

" Amma gözlədiyi kimi olmadı və Həmas zənn ediləndən daha artıq dirəniş göstərdi, 50 minə yaxın adamın öldürülməsinə, yaşayış məskənlərinin tam alt-üst edilməsinə baxmayaraq ayaq üstə qaldı. İsrail əsirləri belə azad edə bilmədi. Yalnız atəşkəsdən sonra danışıqlar nəticəsində əsir mübadiləsi zəminində bu baş verdi. Odur ki, indi də alternativ variant olaraq Qəzzanın bərpası adı altında əhalini uzaqlaşdırmaq istəyir. Bu fikir ABŞ prezidentinin dilindən səslənsə də əslində İsrail baş nazirinin sözüdür. Məqsəd isə əhalini müxtəlif ölkələrə yerləşdirib orada müxtəlif yollarla başlarını qataraq yerindən Qəzzaya qayıdışın qarşısını almaqla o torpaqları sahiblənməkdir. Bir növü satın almaq kimi. Əhalini çıxarıb Həması tam məhv etmək üçün ağır bombalarla tunelləri dağıtmaq da hədəfdədir. Əsirlərə görə İsrail tunelləri tam vurmamışdı. Amma Donald Trampın dediyi heç də normal niyyət deyil. Çünki Həmas üzvləri Qəzza yenidən bombalanaraq tunellərin vurulduğu təqdirdə Suriya, Misir, İordaniya kimi ölkələrə sıçrayaraq əhalinin sığınmış olduğu düşərgələrdə yenidən ayaqlanacaq. Həmçinin Türkiyə, Suriya, Misir, İordaniya, Səudiyyə Ərəbistanı kimi dövlətlər də bu köçürmə planına qarşıdır. Hazırda nisbətən stabil olan münasibətlər o zaman daha da tarıma çəkiləcək və regionda bu dəfə daha böyük savaş çıxacaq. Bir variant da əhalini Qəzzadan çıxarıb "bərpa" işini o qədər uzatmaqdır ki, bu zaman ərzində dəstəkçi dövlətləri neytrallaşdıra bilsinlər. Ancaq hesab edirəm ki, bu heç zaman mümkün olmayacaq. Əgər İsrail və ABŞ bu planın həyata keçməsi üçün dirəniş göstərsə regionda alovlanan dəhşətli müharibə ətrafa da sıçraya bilər”.

 

Siyasi şərhçi bu plana qarşı beynəlxalq miqyasda ciddi etirazlar olduğunu və bu etirazlar getdikcə artacağını bildirib:

 

“Tramp biznes sayəsindən gəldiyinə görə çox məsələyə alver gözü ilə baxır. Mənəvi, dini dəyərlər, haqq və hüquqlar onun üçün o qədər də önəmli deyil. Düşünür ki, nəyinsə qarşılığında buna nail olmaq olar. Amma bu əsla mümkün görünmür. Eyni zamanda insan haqlarına da ziddir. Bunun adı deportasiya, sürgündür ki, bu da beynəlxalq hüquqda və beynəlxalq normalarda qəbul edilmir. Bu təşkilatlara ABŞ və İsrail əhəmiyyət vermir. İsrailin baş naziri haqqda məhkəmənin həbs qərarına görə, Donald Trampın təhdidi buna nümunədir.

Hazırda ABŞ rəhbərinin bu fikrinə qarşı dünyadan kifayət qədər etiraz səsləndirilib. O, bu niyyəti gerçəkləşdirmək istəsə bu etirazlar daha da artacaq və əsasən də Türkiyə, ərəb ölkələrinin də iştirakı ilə ciddi və real dirəniş göstərəcək. Ona görə ki, bu planın baş tutması, növbəti sırada Suriyanın və hətta "vəd edilmiş torpaqlar"ın tərkibi kimi Türkiyənin də bir hissəsinə İsrailin lağım atması ilə nəticələnə bilər. Bu məlumdur ki, İsrail ikili dövlət prinsipinə ona görə razılaşmır ki, Fələstin müstəqil dövlət olsa ərəb və müsəlman dövlətlər ona dəstək verəcək və güclü Fələstin qarşısında o "Böyük İsrail" uğrunda savaşıb növbədə gözləyən Suriya, Livan, İordaniya kimi ölkələrin torpaqlarını ələ keçirə bilməyəcək. Odur ki, Qəzza əhalisinin köçürülməsi planını reallıqdan uzaq görürəm”.

 

Xanım Ağamalıyeva