“Süni intellekt və 3D texnologiyalar memarlığın ayrılmaz hissəsinə çevrilib”-Memar

Bölmə: Sosial › ,
Tarix: 23:03 10.02.2025

Müasir dövrdə süni intellekt və 3D formatlı texnologiyalar memarlıq və layihələndirmənin vacib elementlərindən birinə çevrilib. Lakin bu texnologiyalar layihələrin daha sürətli hazırlanmasına kömək etsə də, əsas qərarvermə və yaradıcılıq prosesində memarın rolu həlledici olaraq qalır.

 

Mövzu ilə bağlı memar Cahid İmanov “informator.az”a açıqlamasında bildirib ki, süni intellekt və 3D formatlı texnologiyalar artıq memarlıq və lahiyələndirmənin ayrılmaz bir hissəsinə çevrilib. Yəni, bilirsiniz ki, 3D, süni intellekt, digər proqramlar bunlar yalnız layihələrin sürətli hazırlanmasına kömək edən vasitələrdir. Təfəkkür, beyin mərkəzi baxımından yenə də güc təhsilin, təcrübənin, istedadın, bir sözlə, memarın üzərindədir:

 

“Əvvəl bir layihə verəndə, ağacı da biz tələbələr əl ilə çəkərdik. Ancaq, düzdür, o canlı effekt verə bilmirdi. Bu proqramlar bu kimi yaşıllıq zolaqlarını, səmanı çox yaxşı göstərə bilir. Lakin bu çox vaxt aldada da bilir. Burada güc memarın üzərinə düşür. Elmi nailiyyətlərin inkişaf etməsi yaxşıdır, ancaq bir şərtlə ki, aldadıcı formatlardan, rənglərdən, çaşdırıcı effektlərdən istifadə olunmasın. Yəni, real həyatda görünəcəyi formalarda olsun. Davamlı və ekoloji memarlıq təbii olaraq, bütün cəmiyyətin arzusudur. Yaşıl binaların gələcəkdə ənənəvi hala çevrilməsi dövrü hələ bundan sonra başlayır. Yəni, dünyada gedən iqlim dəyişiklikləri, viruslar, mikroblar və başqaları dünyanın havasının çirklənməsindən irəli gələnlərdir. Bunun nəticəsində də yaşıllıqlar azalır. Məhz buna görə də binalar yaşıllıq zolaqları qoynunda olmalıdır. Bundan əlavə, hətta eyvanında və otağında da olmalıdır ki, səhərə qədər o yaşıllıq qoynunda rahat oksigen qəbul etsin. Bu əsl sağlamlığın mənbəyidir. Yaşıl memarlıq deyəndə, ilk növbədə bu amil nəzərə alınmalıdır”.

 

O, smart şəhərlər və ekoloji nəqliyyat məsələlərinə də toxunub:

 

“Ağıllı şəhərlərdə, kəndlərdə çalışmaq lazımdır ki, ekoloji baxımdan tüstü verən, havanı korlayan nəqliyyat vasitələrinin həmin əraziyə girib-çıxma vaxt müddəti azalsın. Söhbət tıxaclardan getmir, ümumiyyətlə, yollar elə olmalıdır ki, bir kəndə giriş-çıxış maşını deyək ki, 20-30 dəqiqə vaxt sərf etməməlidir. Bunun üçün də orada olan inzibati binalar, ərazilər elə seçilməlidir ki, vaxt itkisi, ekoloji baxımdan yanacaqların çox işlənməsi, yoruculuq olmasın. Smart binalar və ağıllı şəhərlər deyəndə çoxları elə bilir ki, hər yer kompüterləşib. Ancaq bunlar sadəcə texniki nailiyyətlərdir. Şəhərin, ərazinin smart forma alması üçün insanların gündəlik getdiyi yollarda inzibati binaların, təhsil ocaqlarının necə yerləşdirilməsindən asılıdır. Şəhərdə tıxacın olmaması üçün smart şəhərin salınmasında yolların istiqaməti elə formada olmalıdır ki, orada hərəkət edən maşınlar bir-birinə maneə yaratmasın”.

 

Sonda memar arzusunu belə ifadə edib:

 

“Çox istərdim ki, memarlıq və şəhərsalmada, yol çəkilişində bizim bu kimi idealarımızdan istifadə edilsin və xalqımız da bəhrələnsin”.

 

Asiya Zeynallı