Stres həyatımızı necə idarə edir?-Psixoloq AÇIQLAYIR

Tarix: 18:29 12.02.2025
"Stres insanın fizioloji və psixoloji vəziyyətinə əhəmiyyətli təsir göstərən əsas amillərdən biridir".
Bu sözləri "informator.az"a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova söyləyib. Psixoloq stres və təzyiq altında verilən qərarların nə dərəcədə sağlam olub-olmamasından da bəhs edib:
"Stres faktoru fərdin qərar qəbuletmə mexanizmlərinə, həyat tərzinə, psixoloji vəziyyətinə və ümumi sağlamlığına təsir edərək müxtəlif formalarda təzahür edə bilər. Fizioloji baxımdan stres fonu bədənin homeostazına təsir göstərən amillərdən biri olub, sinir sisteminin gərginliyi nəticəsində orqanizmdə kortizol, adrenalin və digər stres hormonlarının səviyyəsinin artmasına səbəb olur. Bu isə bütövlükdə orqanizmin funksional vəziyyətində dəyişikliklər yaradır. Beynin fizioloji idarəetmə mərkəzi olması səbəbilə stres fonunda onun resurslarının əhəmiyyətli hissəsi adaptasiya mexanizmlərinin aktivləşməsinə yönəlir ki, bu da kognitiv fəaliyyətin və rasional düşüncə proseslərinin zəifləməsinə gətirib çıxarır. Nəticədə fərdin qərar qəbuletmə prosesi qeyri-adekvat xarakter ala bilir. Psixoloji aspektdən yanaşdıqda, stres fərdin emosional durumuna və qərarvermə mexanizminə ciddi təsir edir. Müxtəlif tətikləyici amillər – hava şəraiti, günün başlanğıcı, qidalanma rejimi, maddi vəziyyət və digər sosial faktorlar stresin intensivliyini müəyyənləşdirir. Xroniki stress fonunda qəbul edilən qərarlar, əsasən, emosional reaktivliyin yüksək olduğu bir şəraitdə formalaşır. Bu isə onların adekvatlığını şübhə altına alır".
Gülşən Rüstəmovanın sözlərinə görə, fərdlər adətən verdikləri qərarların nəticələrini dəyərləndirərkən, həmin qərarı qəbul etdikləri psixoloji və emosional vəziyyəti nəzərə almırlar:
"Bunun əvəzinə, nəticələrə əsasən özlərini günahkar hiss edir və bu günahkarlıq hissi onların növbəti qərarlarını da şübhə və qeyri-müəyyənliklə yükləyir. Əgər bu emosional yük dərk olunmaz və analiz edilməzsə, fərd eyni psixoloji mexanizmlərlə hərəkət edərək, gələcəkdə də yanlış qərarlar verməyə meyilli olacaqdır. Buna görə də fərdin sağlam qərarvermə bacarığını inkişaf etdirməsi üçün onun özünü tanıması, emosional vəziyyətini dəyərləndirməsi və psixoloji proseslərə şüurlu yanaşması vacibdir. Şəxsi inkişaf üzərində çalışan insan öz emosional reaksiyalarını dərk edərək, onları idarə etməyi öyrənir və nəticədə daha adekvat və rasional qərarlar qəbul edir".
Fatimə Abdulrəhimli